ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi addımları nəzərdən keçirir.
Hücumlar zamanı İran rəhbərliyi və təhlükəsizlik strukturlarının hədəfə alınacağı bildirilir. Vaşinqton bu qurumları on minlərlə etirazçının öldürülməsinə görə məsul hesab edir.
Modern.az-ın məlumatına görə, məsələ ilə tanış olan iki amerikalı mənbə "Reuters" agentliyinə bildirib ki, Tramp bu addımlarla “rejim dəyişikliyi” üçün şərait yaratmaq istəyir. Mənbələrin sözlərinə görə, müzakirə edilən variantlar arasında daha genişmiqyaslı hücum da var. Bu hücum İranın nüvə proqramına və ya ballistik raket imkanlarına yönələ bilər. Hələlik yekun qərar qəbul edilməyib.
CNN-ə danışan rəsmi şəxs bildirib ki, Tramp üçün ən arzuolunan ssenari sürətli və güclü zərbədir. Bu zərbə İranı ABŞ-ın şərtlərini qəbul etməyə məcbur etməlidir.
İsrailli yüksək vəzifəli rəsmi isə bildirib ki, təkcə hava zərbələri rejimi devirmək üçün kifayət deyil. Onun sözlərinə görə, belə bir məqsəd varsa, quru qoşunları lazımdır. Rəsmi qeyd edib ki, ali liderin aradan götürülməsi belə İranın siyasi kursunu avtomatik dəyişməyəcək.
BBC mümkün inkişaf ssenarilərini də təhlil edib. Birinci ssenari məhdud zərbələr və daha sonra demokratik keçiddir. Ancaq təcrübə göstərir ki, bu model Liviya və İraqda uğurlu olmayıb.
Digər variant “Venesuela modeli” adlandırılır. Bu halda rejim qalır, amma siyasətini qismən yumşaldır. Ekspertlər bunu da real hesab etmir.
Ən mümkün ssenarilərdən biri rejimin zəifləməsi və ölkədə hərbi idarəetmənin formalaşmasıdır. ABŞ zərbələrinin xaos yaratması bu ehtimalı artırır.
Digər risk İranın cavab zərbələridir. ABŞ bazaları və müttəfiq ölkələr hədəfə çevrilə bilər. İran ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə edə bilər.
İran Hörmüz boğazında dəniz minaları yerləşdirməklə də cavab verə bilər. Bu, qlobal enerji təchizatına ciddi zərbə deməkdir. Hazırda dünya neftinin və maye qazın təxminən beşdə biri bu boğazdan keçir.
Ən təhlükəli ssenari isə ölkənin tam xaosa sürüklənməsidir. Bu, region üçün humanitar və miqrasiya böhranı yarada bilər. BBC qeyd edir ki, Trampın hərbi nüfuzunu itirməmək üçün tələsik qərar verməsi uzunmüddətli müharibəyə yol aça bilər.