Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Fransada etirazlar zamanı baş verən kütləvi iğtişaşlara münasibət bildirərək Qərb liberallarını miqrantların cəmiyyətə inteqrasiyası və assimilyasiyası ilə bağlı problemləri nəzərə almamaqda ittiham edib.
Vens bu fikirlərini “X” sosial şəbəkəsindəki hesabında paylaşıb.
“Qərb liberalları müxtəliflik və mərhəmət naminə üçüncü dünya ölkələrindən insanları Fransaya və digər dövlətlərə gətiriblər. Bununla yanaşı, assimilyasiya və cəmiyyətə uyğunlaşma ilə bağlı fundamental məsələləri diqqətdən kənarda saxlayıblar. Bu siyasətin belə nəticələrə səbəb olacağı barədə xəbərdarlıqlara baxmayaraq, onlar deyilənlərə məhəl qoymayıblar”, – deyə ABŞ-nin vitse-prezidenti yazıb.
O, Fransa hökumətinin vəziyyəti nəzarətə götürəcəyinə, iğtişaşları dayandıracağına və dağıntıların daha da yayılmasının qarşısını alacağına ümid etdiyini bildirib.
“Ümid edirəm ki, gözəl insanları olan gözəl ölkə Fransa daha çox görməli məkan yanıb külə dönməmiş bu dəliliyə son qoyacaq”, – Vens qeyd edib.
ABŞ-nin vitse-prezidenti amerikalıları da Fransada baş verən hadisələrdən nəticə çıxarmağa çağırıb. O, mövcud vəziyyəti ABŞ-də Demokratlar Partiyasının miqrasiya siyasəti ilə əlaqələndirib.
“Ümid edirəm ki, amerikalılar da baş verənlərə diqqət yetirəcəklər. Konqresdəki demokratların ölkəniz üçün arzuladığı gələcək məhz budur”, – Vens əlavə edib.