Rusiya tərəfindən enerji obyektlərinə zərbələrdən bir sutka keçməsinə baxmayaraq, Kiyevin yarıdan çoxu hələ də elektrik enerjisizdir.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Dövlət başçısı bunun ukraynalıların şiddətli şaxtalarla mübarizə apardığı bir vaxta təsadüf etdiyini qeyd edib.
Təxminən dörd ilə yaxın müddətdə raket və pilotsuz uçuş aparatları ilə zərbələrə məruz qalmış enerji sisteminə qarşı hücumlar artdığı üçün Kiyev sakinlərinin çoxu soyuq mənzillərdə yaşayır, gün ərzində cəmi bir neçə saat elektrik enerjisi alır. Bəzən isə ümumiyyətlə elektriksiz qalır.
“Bu günə olan məlumata görə, paytaxtın təxminən 60 faizi elektrik enerjisizdir”, – deyə Zelenski X sosial şəbəkəsində yazıb.
Səhər saatlarında paytaxtda havanın temperaturu mənfi 12 dərəcə Selsi təşkil edib, günortaya doğru isə bir qədər yüksəlib.
Bəzi sakinlər sosial şəbəkələrdə bir sutkadan artıq müddətdə elektrik və istilik enerjisiz qaldıqlarından şikayət ediblər.
Elektrik enerjisində yaranan fasilələr Ukraynada mobil rabitənin fəaliyyətinə ciddi təsir göstərib. Mobil rabitə operatoru “Kyivstar”ın baş direktoru şəbəkənin təxminən 10 faizinin işl
əmədiyini bildirib.