Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin əmisi Rifat Əsəd 88 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin məlumatında bildirilib. Rifat Əsəd Birləşmiş Ərəb Əmirliklərində vəfat edib.
Rifat Əsəd uzun müddət idi ki, sürgündə yaşayırdı. O, sürgünün çox hissəsini Fransada keçirib. 2021-ci ildə Suriyaya qayıdıb, qardaşı oğlu Bəşər Əsədin devrilməsindən sonra 2024-cü ildə yenidən ölkədən qaçıb.
Bəşərin atası - keçmiş prezident Hafiz Əsəd 2000-ci ildə vəfat etdikdə, Rifat Əsəd hakimiyyətin Bəşərə ötürülməsinə qarşı çıxmış və özünü qanuni varis elan etmişdi. Bəşər Əsəd prezidentik üsul-darəsini ələ alandan sonra əmisi ölkəni tərk etmişdi. 2011-ci ildə Suriyanı müxalifət aksiyaları bürüdükdə, Rifat Əsəd xaricdən çıxış edərək qardaşı oğlunu vətəndaş müharibəsinin qarşısını almaq üçün mümkün qədər tez istefa verməyə çağırmışdı.
Sonralar Bəşər Əsəd əmisinin vətənə qayıtmasına icazə verdi və bu da onun Fransada həbsdən yayınmasına kömək etdi. Çünki Fransa Rifat Əsədi Suriya dövlətindən mənimsənilən vəsaitlərdən istifadə edərək milyonlarla avro dəyərində əmlak əldə etməkdə günahlandırmışdı. Bəşər Əsəd devrildikdən sonra Rifat Əsəd Livan vasitəsilə ölkədən qaçdı.
Rifat Əsəd 1970-ci il çevrilişindən sonra qardaşı hakimiyyətə gələndə Əsəd hökumətində nüfuzlu bir şəxsə çevrilmişdi. O, 1982-ci ildə Hama şəhərində "Müsəlman Qardaşlığı" üsyanını yatıran elit qüvvələrə komandanlıq etmişdi. Bu üsyan 30 illik hakimiyyəti dövründə Hafiz Əsəd üçün ən ciddi təhdidlərdən biri olmuşdu.
2024-cü ilin mart ayında İsveçrə Baş Prokurorluğu Rifat Əsədi Hama şəhərindəki hərəkətlərinə görə müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə mühakimə edəcəyini açıqlamışdı. A.Qorxmaz