"Mançester Siti" və Xosep Qvardiola mövsümün sonunda əməkdaşlığın davam edib-etməyəcəyinə dair həlledici görüş keçirəcəklər.
Modern.az "Sky Sports"a istinadən xəbər verir ki, Qvardiolanın gələcəyi yaxın aylardakı nəticələrdən asılı olacaq və əgər 2025/2026 mövsümü klub rəhbərliyinin gözləntilərini doğrultmasa, onun gedişi real görünür.
Qeyd olunur ki, "şəhərlilər" artıq italyan mütəxəssis Enzo Mareskanın nümayəndələri ilə əlaqə saxlayıblar və Qvardiola 2026-cı ilin yayında komandadan ayrılacağı halda, onu baş məşqçi postuna namizəd kimi nəzərdən keçirirlər.
Mareskanın "Mançester Siti"də işləməyə maraqlı və baş məşqçi vəzifəsini tutmağa hazır olduğu bildirilir.
Qvardiolanın klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır. Premyer Liqada 22 oyundan sonra "şəhərlilər" 43 xal toplayaraq ikinci yerdə qərarlaşıblar. Dünən "Siti" prinsipial derbidə "Mançester Yunayted"ə 2 cavabsız qolla məğlub olub.