Türkiyə–Ermənistan sərhədində yerləşən Alican sərhəd-keçid məntəqəsi üzrə aparılan tikinti və yenidənqurma işlərinin 90 faizi tamamlanıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, işlər Türkiyənin İğdır vilayətinin Qarakoyunlu rayonunda yerləşən Alican sərhəd-keçid məntəqəsində, eləcə də Ermənistanın Armavir vilayətindəki Marqara sərhəd-keçid məntəqəsi ərazisində davam etdirilir. Alijan keçid məntəqəsində gömrük və digər inzibati prosedurlar üçün yeni binalar inşa olunur.
Məlumata görə, Türkiyə tərəfi ərazidə məlumat və reklam lövhələri də quraşdırıb. Həmin lövhələrdə Ermənistandan Türkiyəyə daxil olan şəxslərə İğdır və ətraf bölgələri ziyarət etmək çağırışı yer alır.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ankaranın Ermənistanla sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə bağlı “çoxdan gözlənilən siyasi qərarı” verəcəyinə ümid etdiyini bildirmişdi.