ABŞ Senatının respublikaçı üzvü Lindsi Qrem ABŞ Prezidenti Donald Trampın iranlı etirazçılara yardım vəd edən paylaşımına münasibət bildirib.
Modern.az xəbər verir ki, Qrem Trampı keçmiş prezident Barak Obama ilə müqayisə edərək, onu milli təhlükəsizlik məsələlərində “Reyqan plus” adlandırıb.
Senatorun sözlərinə görə, dünyada nizam üçün ən böyük təhlükə İranın ali rəhbəri Əli Xameneinin rəhbərlik etdiyi dini fanatik rejimdir. Qrem qeyd edib ki, bu rejim öz xalqını öldürür, beynəlxalq terrorizmi dəstəkləyir və “əlləri Amerika vətəndaşlarının qanına bulaşıb”.
Qrem bildirib ki, İran rejiminə “ölümcül zərbə” etirazçıların vətənpərvər cəsarəti ilə Prezident Trampın qətiyyətli addımlarının birləşməsi olacaq. Onun sözlərinə görə, etirazçılar silahsız halda həyatlarını riskə ataraq küçələrə çıxırlar və Trampın onları dəstəklədiyinə inanırlar. Senator vurğulayıb ki, quru qoşunlarından istifadə edilmədən, hərbi, kiber və psixoloji təzyiqlərin genişmiqyaslı kombinasiyası tətbiq edilməlidir.
Lindsi Qrem daha sonra sosial şəbəkədə İran etirazları zamanı öldürülmüş şəxslərlə bağlı video paylaşdığını və həmin materialı sürgündə yaşayan İran şahzadəsi Rza Pəhləvi və onun komandası tərəfindən aldığını qeyd edib. Senator bu insanların “azadlıq uğrunda canlarını fəda etdiyini” bildirib və İran rəhbərliyinin bütün “qırmızı xətləri tapdaladığını” iddia edib.
Qrem əlavə edib ki, İran neftinə tətbiq edilən tariflər düzgün addım olub və indi Vaşinqtonun İran xalqına, eləcə də rəsmi Tehrana ABŞ-ın etirazçıların yanında olduğunu açıq şəkildə göstərməsinin vaxtıdır.