Bakı.Trend:
Polşa Avropanın digər ölkələrinin miqrasiya sahəsində yol verdiyi səhvləri təkrarlamayacaq, həmin səhvlərin hesabını ödəmək niyyətində deyil və öz təhlükəsizliyini təmin etmək məsələsində amansız olacaq.
Bunu respublikanın Baş naziri Donald Tusk "X" sosial şəbəkə hesabında yazıb.
O, oktyabrın 15-16-da Brüsseldə keçirilən Avropa İttifaqına üzv ölkələrin liderlərinin iki günlük sammitində iştirakını şərh edib.
“Polşa digər Avropa ölkələrinin miqrasiya sahəsində yol verdiyi səhvləri təkrarlamayacaq və həmin səhvlərin bədəlini də ödəməyəcək”, – deyə o yazıb.
Baş nazir əlavə edib ki, ölkəsi təhlükəsizlik məsələsində “amansız" olacaq və sammit iştirakçılarına da məhz bunu bəyan edib.
“Biz sərhədimizi qanunsuz miqrasiyadan qətiyyətlə qoruyuruq, sığınacaq verilməsi ilə bağlı öz siyasətimiz var , Polşa qanunvericiliyini pozan şəxsləri deportasiya edirik”, – deyə Tusk bildirib.
Avropa İttifaqına üzv ölkələrin liderləri sammitdə hər hansı əhəmiyyətli qərar qəbul edə bilməyiblər. Avropa İttifaqı üçün əsas problemlər razılaşdırılmamış büdcə, eləcə də İspaniya, Fransa və İtaliyada keçiriləcək seçkilər olaraq qalır. Həmin seçkilərin nəticələri birliyin əsas qərarlarına təsir göstərə bilər.