Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə sərhədində yerləşən Axurik sərhəd-keçid məntəqəsindən rusiyalı sərhədçiləri çıxarmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “NEWS.am” saytının müxbiri diplomatik dairələrdəki mənbələrdən məlumat əldə etdiyini deyib.
Mənbənin sözlərinə görə, Axurik zastavasında yerləşən sərhəd-keçid məntəqəsinin birbaşa idarəçiliyinin ötürülməsi ilə bağlı qərar artıq qəbul edilib, hətta ərazidə bayraq dirəyi də quraşdırılıb. Bununla belə, zastavanın özündə rusiyalı sərhədçilər qalmağa davam edəcək. Hazırda Ermənistandan Türkiyə istiqamətində uzanan dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.
Digər mənbələrin məlumatına əsasən, Türkiyənin artıq Marqara sərhəd-keçid məntəqəsi ərazisində tikinti işlərinə başlayıb. Bir tərəfdən Türkiyə tərəfindən tikintinin başlaması, digər tərəfdən isə Axurik məntəqəsinin istifadəyə cəlb olunmasının nəzərdə tutulması, Türkiyə tərəfindən sərhədin yaxın gələcəkdə açılması niyyətlərinin ciddi olduğunu göstərir.