Bakı. Trend:
Bir müddət əvvəl Azərbaycanda bank müştərilərinə “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə ödənişlər zamanı müvəqqəti çətinliklərin yarana biləcəyi barədə məlumat göndərilib. Bildirişdə “Mastercard” tərəfindən kart sistemlərinin təkmilləşdirilməsi məqsədilə texniki işlərin aparıldığı və bununla əlaqədar mümkün çətinliklərin 20-25 gün davam edə biləcəyi qeyd olunub.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq “Mastercard”dan bildirilib ki, yayımlanmış məlumat faktiki olaraq həyata keçirilmiş hər hansı texniki dəyişikliyi əks etdirməyib və sözügedən bildiriş sonradan geri götürülüb.
“Mastercard ödəniş xidmətləri adi qaydada fəaliyyətini davam etdirir. Kart sahibləri heç bir əlavə tədbir görmədən kartlarından, o cümlədən mobil pul kisələri vasitəsilə ödənişlər üçün əvvəlki qaydada istifadə edə bilərlər”, - şirkətdən qeyd olunub.
Beləliklə, “Mastercard”ın açıqlamasına əsasən, kart sahibləri “Apple Pay” və “Google Pay” vasitəsilə ödənişlərini əvvəlki qaydada həyata keçirə bilərlər.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə əsasən, cari ilin avqust ayının sonuna ölkənin rezidenti olan maliyyə institutları tərəfindən buraxılmış “Mastercard” kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla) üzrə ümumilikdə 4,331 milyard manat məbləğində 76,668 milyon əməliyyat həyata keçirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 2,21 milyon və ya 3 faiz artıb, həcmi isə 432 milyon manat və ya 9,1 faiz azalıb.
Rezident olmayan maliyyə təşkilatları tərəfindən buraxılmış “Mastercard” kartları üzrə əməliyyatların sayı 771 min, həcmi isə 68,2 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə belə əməliyyatların sayı 329,6 mindən çox və ya 74,7 faiz artıb, həcmi isə 22,2 min manatdan çox və ya 48,3 faiz yüksəlib.
Ümumilikdə isə, banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 189 min ədəd artaraq 22 milyon 974 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 8.7% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 10.2% artmış, kredit kartlarının sayı isə 4.3% azalıb. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.2% artıb. 2026-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,888 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,682 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil edib.
Banklar və “Azərpoçt” MMC üzrə ödəniş xidməti şəbəkələrində dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 3.8% artıb, POS-terminalların sayı 7% azalıb.