Ötən il ən çox ziyarət olunan muzey Azərbaycan Milli Xalça Muzeyi olub.
Mədəniyyət Nazirliyindən Modern.az-a bildirilib ki, il ərzində muzeyi ümumilikdə 154 min 605 yerli və xarici turist ziyarət edib. Digər muzeyləri ziyarət edənlərin sayında isə kəskin fərqlər var. Belə ki, siyahıda ikinci yeri Azərbaycan Milli İncəsənət Muzeyi tutur. Bu muzeyi 2025-ci ildə 44 424 nəfər, Milli Azərbaycan Tarixi Muzeyini isə 30 507 ziyarətçi gəzib. Ən çox ziyarət olunan muzeylər arasında işğaldan azad edilmiş ərazilərdə bir müddətdir fəaliyyətini bərpa edən muzeylər də var. Belə ki, ötən il Bülbülün Şuşadakı ev-muzeyi 12 372 dəfə ziyarət olunub. Bülbülün Memorial Muzeyi isə 4670 dəfə ziyarət olunub. Həmçinin Muzey Mərkəzində yerləşən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 10 952, Azərbaycanın ilk muzeyi hesab edilən və əsası 1919-cu ildə qoyulan İstiqlal Muzeyi isə 5934 qonaq qəbul edib. Şəhərin mərkəzində yerləşən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi hər il olduğu kimi bu il də ən çox ziyarət olunan muzeylər sırasındadır. Belə ki, muzey il ərzində 9436 yerli və xarici turistə qapılarını açıb. Bakıda yerləşən ev-muzeyləri arasında isə ziyarət sayına görə ilk 10 muzey sırasına Səttar Bəhlulzadənin və Səməd Vurğunun ev-muzeyləri yer alır. Bu muzeylər ümumilikdə 9306 dəfə ziyarət edilib.
Ötən il ən çox ziyarət olunan muzeylərin ilk beşliyi aşağıdakı kimi olub:
Milli Azərbaycan Tarixi Muzeyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi.