Bu gündən Azərbaycandakı bütün ali məktəblərdə qış imtahan sessiyası başlayıb.
Modern.az xəbər verir ki, imtahanların yanvarın sonunadək davam edəcəyi gözlənilir. Bəs universitetlərdə imtahanlar hansı qaydada keçirilir və hazırlıq üçün hansı işlər görülüb? Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, bakalavriat və magistratura (əyani) səviyyələrində 2025/2026-cı tədris ilinin payız semestrinin qış imtahan sessiyası yanvarın 30-da yekunlaşacaq. Qiyabi təhsil alanlar üçün isə imtahan sessiyası 7-13 yanvar tarixlərini əhatə edəcək.
İmtahanlar əyani təhsil alan I, II, III kurslar üçün müvafiq fənlər üzrə yazılı (elektron), test və şifahi (videoqeydiyyatın aparılması ilə), əyani təhsil alan IV kurslar üçün isə test və şifahi (videoqeydiyyatın aparılması ilə) üsulla keçirilir. Qiyabi təhsil alan tələbələr üçün imtahanlar test üsulla təşkil edilib. Magistratura səviyyəsində isə bütün imtahanlar şifahi (videoqeydiyyatın aparılması ilə) üsulla keçiriləcək.
Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 9-dan 13-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.
Sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apellyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.
Bakı Dövlət Universitetində (BDU) imtahanlar iki növbədə (bakalavriat səviyyəsi üzrə yazılı imtahanlar saat 10:00-13:00-dək, şifahi və magistratura səviyyəsi üzrə imtahanlar saat 14:00-17:00-dək) təşkil olunub.
Sessiya ərzində bakalavriat səviyyəsində 923 qrup üzrə 21000-dən çox, magistratura səviyyəsində isə 455 ixtisaslaşma üzrə 2334 tələbə imtahan verəcək.
Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün fevral ayının 2-dən 6-dək şərait yaradılacaq.
Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.
Sessiya fevralın 2-dək davam edəcək.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavr səviyyəsində 30 ixtisas, magistr səviyyəsində isə 60 ixtisaslaşma üzrə imtahanlar keçiriləcək. İmtahanlar yazılı və yazılı-şifahi formada təşkil olunub.
“ADNSU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülüb. Şəffaflığın təmin olunması məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi tərəfindən imtahan prosesinə nəzarət həyata keçirilir”, - universitetdən bildirilib. Bu gün start götürən imtahanlar yanvarın 30-da başa çatacaq.
Lənkəran Dövlət Universitetində (LDU) imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 29.12.2025-ci il tarixdən 31.01.2026-cı il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I, III, V tədris ili qrupları üçün 12.01.2026-cı il tarixdən 17.01.2026-cı il tarixinədək, II, IV tədris ili qrupları üçün 26.01.2026-cı il tarixindən 31.01.2026-cı il tarixinədək keçiriləcək.
LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. Rektor imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini bildirib.
LDU-da bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilməklə, 1-ci növbə saat 09:00-dan 11.30-dək, ikinci növbə saat 14.00-daaan 16.30-dək təşkil olunacaq.
Xatırladaq ki, universitetdə tələbələr özlərinin imtahan və kollokvium vaxtlarını seçməkdə tam müstəqildirlər. Tələbələr imtahan gününə qədər istənilən vaxt öz imtahan və kollokvium vaxtlarını elektron qaydada şəxsi kabinetlərinə daxil olaraq seçə və vaxtı dəyişə bilərlər. Hər hansı bir səbəbdən imtahanda və ya kollokviumda iştirak edə bilməyən tələbələr daha sonra elektron qaydada imtahan və kollokvium vaxtlarını dəyişə bilər, və ya tələbə seçdiyi imtahana gəlib imtahan suallarını alarkən öz fikrini dəyişib başqa fəndən imtahanı seçə bilər. Tələbə istəyinə uyğun olaraq imtahanlarını (kollokviumlarını) imtahan üçün ayrılmış müddətin əvvəlində, həmin müddətin sonunda, və ya imtahanlara daha yaxşı hazırlaşa bilmək üçün ayri-ayrı fənlərin imtahanları arasında interval saxlaya bilər. Bununla da tələbələrə təhsil trayektoriyasının, bilik-bacarıq səriştələrinin müəyyənləşdirilməsi zamanı tam sərbəstlik verilmişdir. Artıq 4 ildir ki, Lənkəran Dövlət Universitetində bu sistem tətbiq olunur.
Tələbələrə bir gün öncədən imtahan vaxtlarını və otaqlarını xatırladan sms-lərin göndərilməsi təşkil edilib.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektor Natiq İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb(25-8-27-86; 25-8-54-18).
“Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları ilk gündən fəaliyyətdədir və imtahan gedən tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.
Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Kitabxana hər gün saat 08.30-dan 17.30-dək fəaliyyət göstərir», - unbiversitetdən bildirilib. A.Qorxmaz