Amerika prezidenti və birinci ledi də bu xanıma yüksək hörmətlə yanaşırlar
2025-ci ilin əvvəlindən etibarən ABŞ tarixində ilk dəfə olaraq hind əsilli və hinduizm dininə etiqad edən bir qadın dünyanın superdövlətində ikinci xanım statusuna sahiblənib. Söhbət ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin həyat yoldaşı Uşa Vensdən gedir. Modern.az saytı Amerikanın az qala vitse-prezidenti seçiləcək ikinci xanımı haqqında yazını təqdim edir. 40 yaşlı Ceyms Devid Vens 2025-ci ilin yanvarından etibarən ABŞ-ın vitse-prezidenti kimi fəaliyyət göstərir və Donald Trampın ikinci administrasiyasında bu yüksək postu tutur. O, ölkənin siyasi səhnəsində çox sürətlə yüksələ bilən gənc siyasətçilərdən hesab olunur. C.D.Vens 1984-cü ilin 2 avqustunda Ohayo ştatının Middletoun şəhərində anadan olub. Uşaqlığı çətin keçib - valideynlərinin ayrılığı, maliyyə çətinlikləri və şəxsi mübarizələr onun həyatını formalaşdırıb. C.D.Vensi ana nənəsi və babası böyüdüb.
Uşa Çilukuri professor ailəsindəndir. Onun atası mexanika mühəndisi, anası isə molekulyar bioloq kimi professordurlar və ABŞ universitetlərində çalışırlar.
Gələcək vitse-prezident öz xanımı ilə 2013-cü ildə Yel Universitetində Amerikanın sosial-iqtisadi tənəzzülünü müzakirə edən qrupda tanış olub. O vaxta qədər Uşa Çilukuri artlq tarix üzrə bakalavr və magistr dərəcəsi almışdı.
Ceyms Devid Vens özünün "Hillbilli elegiya" adlı tərcümeyi-halında partnyoruna tez bir zamanda aşiq olduğunu etiraf edib: "Həmişə bir az yad hiss olunan məkanda Uşanın varlığı mənə özümü evdəki kimi hiss etdirirdi", - deyə o, kitabında yazıb. Bir müsahibəsində isə o, Uşanı "mənəvi müəllimi" kimi təsvir edib.
Onlar 2013-cü ildə hüquq fakültəsini bitirib və 2014-cü ildə evləniblər. Toy iki dini ənənədə - Hindu və Xristian (Protestant ailəsində böyüyən C.D.Vens 2019-cu ildə katolikliyi qəbul edib) - baş tutub. 2014-cü ilin avqust ayında onlar Kapitolidən şərqdə 590.000 dollara bir ev alıb ora köçüblər. Bu zaman cütlük 600.000 dollardan bir qədər çox kredit götürüb. 2018-ci ildə Vens ailəsi İst-Uolnat-Hills məhəlləsində 1,4 milyon dollara yeni ev alıb. Evin sahəsi 4500 kvadrat futdur və beş yataq otağı var. Venslər ailəsindəki fərqli mədəniyyətlərin qarışığı onların qidalanmasında da əks olunur: Uşa Vens (Çilukuri) vegetariandır və 2024-cü il Respublikaçıların Milli Konqresində ərinin də onun yemək vərdişlərinə uyğunlaşdığını və Ceymsin hətta qayınanasından hind yeməklərini bişirməyi öyrəndiyini açıq şəkildə bildirib.
Uşa Vens hüquq fakültəsini bitirdikdən sonra əvvəlcə hakim asistenti işləyib. Sonra altı il ərzində mülki məhkəmə işlərinə diqqət yetirərək “Munger”, “Tolles və Olson” hüquq firmalarında çalışıb. O, 2024-cü ilin iyul ayında Ceyms Devid Vens vitse-prezidentliyə namizəd olduqda istefa verib.
Seçki kampaniyası zamanı Uşa Vens daim ərinin yanında olub, ictimai tədbirlərdə çıxış edib və ona məsləhətləri ilə dəstək verib. Məsələn, o, ərinə Demokratların vitse-prezidentliyə namizədi Tim Uoltsla debata hazırlaşmağa kömək edib. Maraqlıdır ki, Uşa Vens həmişə Respublikaçı olmayıb - 2014-cü ildə Demokratların ilkin seçkilərində səs verib, 2017-ci ildə isə müstəqillərin tərəfdarı kimi qeydiyyatdan keçib.
Bu gün Uşa Vens haqqındakı şərhlərin çoxu sözün əsl mənasında heyranlıqla doludur. Əlbəttə ki, burada ilk növbədə, həyat yoldaşının açıqlamaları önə çıxır. Belə ki, Ceyms Devid Vens daim xanımı haqqında yüksək fikirlər səsləndirib. O, özünün "Hillbilli elegiya" kitabında Uşanı "hind immiqrantlarının super ağıllı qızı" adlandırıb. 2020-ci ildə jurnalist Megin Kellinin podkastında isə həmişə ona məsləhət verən bir həyat yoldaşına sahib olmaq şansı ilə öyünüb. Ceyms Devid Vens deyib: "Mən sol çiyninin üstündə "Bunu etmə, onu et!" deyən güclü qadın səsinə sahib olduğum üçün həqiqətən şanslı kişilərdənəm".
ABŞ-ın məşhur milyarderi İlon Maskın anası Maye Mask da ikinci xanım Uşa Vens haqqında heyranlıqla danışır. X sosial media platformasında o, niyə heç kimin hind əsilli və hindu inanclı ilk qadının ABŞ-ın ikinci xanımı olması barədə danışmadığını başa düşmədiyini bildirib. Maye Mask yazıb: "Şəxsən şahidəm ki, o, çox xoşxasiyyətli, ağıllı və cazibədar qadındır".
Onu da qeyd etmək lazımdır ki, ABŞ vitse-prezidenti C.D.Vens dəfələrlə həyat yoldaşını irqçi hücumlardan müdafiə etməli olub. Amerikanın ifrat sağçı və solçuları əslən hindistanlı bir qadının bu ölkənin ikinci xanımı olmasını həzm edə bilmirlər.
C.D.Vens hələ Respublikaçılardan vitse-prezidentliyə namizəd elan edilərkən sağçılar ona həyat yoldaşının etnik mənsubiyyətinə görə atmacalar atmışdılar: "Bu oğlan kimdir? Həqiqətənmi hindli arvadı olan bir kişidən ağdərililərin kimliyini dəstəkləməyi gözləyirik?"
Buna cavab olaraq Vens irqçilərə demişdi: "Qulaq asın, mən həyat yoldaşımı çox sevirəm. Onu necə var, eləcə qaldığı üçün sevirəm. Əlbəttə ki, o, ağdərili deyil, amma niyə buna görə ağ irqçilərin hücumlarına və ittihamlarına məruz qalmalıdır?”
Onun Hindistan əsilli olması ABŞ cəmiyyətində multikultural simvolizm yaradır və bu, xüsusilə gənc qadınlar üçün ilham mənbəyinə çevrilib. Ə.Qafarlı