Ötən gün İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin nəşi Bakıya gətiriləcək. Onun harada dəfn ediləcəyi müzakirə olunmaqdadır.
Modern.az saytı Milli Qəhərmanın gəlini Nigar Tağıyeva ilə də əlaqə saxlayıb.
Saytımıza açıqlamasında N.Tağıyeva bildirib ki, İsveçdəki Azərbaycan diasporu Şahin Tağıyev vəfat edənə qədər həmişə onunla maraqlanıb:
“Lakin biz onlardan dəstək istəməmişdik. Onun müalicəsini və digər ehtiyaclarını öz hesabımıza həyata keçirirdik, yəni hər hansı bir dəstəyə ehtiyac yox idi. Dünən vəfatından sonra diaspor nümayəndələrinə də xəbər verdik. Diaspor üzvləri bizimlə əlaqə saxladılar, mərhumun nəşinin Azərbaycana aparılmasına, bizim də ölkəyə getməyimizə köməklik edəcəklərini bildirdilər. Hazırda bu proses davam edir. Bizim Azərbaycana getməyimiz üçün lazım olan vəsaitin qarşılanacağı deyilib. Lakin burada İsveçin özünün də müəyyən prosedurları var, hadisə həm də tətil günlərinə düşür”.
N.Tağıyeva Milli Qəhərmanın Bakıdakı Şəhidlər xiyabanında dəfn olunmasını istədiklərini deyib:
“Oğlunun, qızının və gəlinin istəyi ondan ibarət olar ki, o, Şəhidlər xiyabanında dəfn olunsun. Lap biz olmasaq belə, Azərbaycanın Milli Qəhramanı adına layiq mərasimlə, Şəhidlər xiyabanında dəfn olunması arzu olunardı. Mən sözün açığı, diasporla bu barədə danışmamışam, ancaq onlar özləri mənə deyiblər ki, Şəhidlər xiyabanında dəfn olunmasını istəyirlər”.