“Real Madrid” “Qalatasaray”ın futbolçusu Viktor Osimhenin xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, “Real” hücum xəttini gücləndirmək üçün Osimheni transfer edə bilər. Bu barədə nigeriyalı futbol əfsanəsi Sunday Oliseh "Global Football Insight Podcast"da açıqlama verib. O bildirib ki, “Real” Vinisius Junior ilə davam edən müqavilə problemləri fonunda Osimhenin transferini nəzərdən keçirir. Sunday Oliseh məlumatı yüksək vəzifəli şəxsdən aldığını irəli sürüb. Olisehin iddiasına görə, “Real Madrid” Vinisiusun klubdan ayrılacağı təqdirdə Osimheni transfer etmək üçün təklif irəli sürəcək. Oliseh hesab edir ki, transfer reallaşarsa Kilian Mbappe ənənəvi mövqeyinə qayıdacaq, Osimhen hücum mövqeyində yer alacaq.
Qeyd edək ki, “Qalatasaray”ın illik maaşı 20 milyon avrodan çox olan Osimhen üçün 100 milyon avrodan çox transfer haqqı tələb edə biləcəyi iddia edilir.