Bəzi müsəlmanlar Yeni ili qeyd etmir, hətta evlərində şam ağacı da bəzəmirlər. Onların fikrincə, Yeni il xristian dünyasına məxsus dini bayramdır və bu səbəbdən müsəlmanlar tərəfindən qeyd olunmamalıdır. Digər tərəfdən isə bu mövzu cəmiyyətdə tez-tez müzakirə olunur və fərqli yanaşmalar ortaya çıxır. Bəs, əslində, müsəlmanlar Yeni ilə hansı çərçivədə yanaşmalıdırlar?
İlahiyyatçı Tural İrfan Metbuat.az-a açıqlamasında bildirib ki, İslam dininin buyuruqlarında iki əsas bayram - Quran və Ramazan bayramları tövsiyə olunur. Lakin müəyyən dövlət bayramları və dünyəvi, milli bayramlar da var ki, onları da qeyd etmək lazımdır:
“Novruz və Yeni il bayramı xalqımız tərədindən mütəmadi olaraq qeyd edilir. Xristianların bayramı olsa da, artıq beynəlxalq bayrama çevrilib. Milad bayramını əsasən xristian aləmi qeyd edir. Ancaq Həzrət İsa müsəlmanların da peyğəmbəridir, ona görə onun mövludu qismində bayram keçirməkdə bir qəbahət yoxdur. Doğrudur, İslamda mövlud günü keçirmək ənənəsi olmasa da, belə bir gündə əsasən pozitiv ənənələr olduğu və cəmiyyətə sevinc, şənlik bəxş edildiyi üçün, habelə dinimizin əleyhinə detallara yol verilmədiyi təqdirdə qeyd etməyin maneəsi yoxdur”.
T.İrfanın sözlərinə görə, küknar, yaxud şam ağacı bəzəmək də Novruz bayramında səməni bəzəmək kimidir:
“Bərəkət, xeyirxahlıq rəmzi olaraq burada da bir günah yoxdur. Lakin gərək belə bayramlarda günah və dinin əleyhinə olan əməllərə yol verilməsin. Müsəlmanların miladi təqvimi ilə yeni il keçirməsi, xeyirxah işlər görüldüyü və günaha yol verilmədiyi təqdirdə gözəldir, bəyəniləndir. Əsl tolerantlıq bayramıdır ki, bu bayramı həm yəhudilər, həm xristianlar, həm də müsəlmanlar vəhdətdə qeyd edir və şənlənir. Hərəsi öz dininin icazə verdiyi üsulda süfrə açır, sevincini bölüşür. Elə səmavi dinlərin əsl mahiyyəti də, əslində, humanizm, mənəvi, mədəni dəyərlərin yaşanması və sosial münasibətlərin inkişafıdır”.
Sevinc İbrahimzadə / Metbuat.az