Hər il hansısa bir rənglə yadda qalır. Qarşıdan gələn 2026-cı ildə parlaq və iddialı tonlar yox, əksinə, sakitlik və minimalizm mesajı verən bir rəng dəbdə olacaq.
Metbuat.az-ın məlumatına görə, “Pantone” Rəng İnstitutu tərəfindən “Cloud Dancer” adlanan, bəyaza yaxın yumşaq ağ ton “ilin rəngi” seçilib.
Qlobal miqyasda rəng standartlarını müəyyən edən “Pantone” hər il bu seçimi edərkən moda, dizayn, texnologiya və cəmiyyətin ümumi psixoloji tendensiyalarını nəzərə alır. “İlin rəngi” moda sənayesindən tutmuş interyer dizaynına, kosmetikadan brendləşdirməyə qədər bir çox sahəyə təsir göstərir.
“Cloud Dancer” (PANTONE 11-4201) sadəlik, balans və daxili rahatlıq hissini ifadə edir. Mütəxəssislər bu seçimi insanların son illərdə daha çox sakit, yorucu olmayan və universal rənglərə üstünlük verməsi ilə əlaqələndirir.
Qeyd edək ki, bu, “Pantone” tarixində ilk dəfədir ki, ilin rəngi kimi demək olar ağ tona yaxın bir rəng seçilir. Bu ton həm tək istifadə üçün uyğundur, həm də digər rənglərlə asanlıqla uyğunlaşır. Məhz bu səbəbdən onun 2026-cı ildə moda, interyer və reklam sahələrində geniş yayılacağı gözlənilir.
Sevinc İbrahimzadə / Metbuat.az