Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adından səmimi-qəlbdən təbrik edim.
Bu il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Azərbaycanın tarixi və gözəl şəhəri olan Qəbələdə keçirilən 12-ci Zirvə görüşü çərçivəsində görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatımız daha da güclənəcək və inkişaf edəcəkdir.
Təşkilatımız çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə cansağlığı və Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
***
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Sankt-Peterburq Hökuməti və şəhərin sakinləri adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.
Siz parlaq siyasi xadim kimi atanızın - Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin böyük işini ləyaqətlə və inamla davam etdirirsiniz.
Sizin rəhbərliyinizlə Azərbaycan dövlət quruculuğu, iqtisadi rifah və beynəlxalq nüfuz sahələrində mühüm nailiyyətlər qazanıb, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib, Cənubi Qafqazda və Avrasiyada əsas güc mərkəzlərindən birinə çevrilib.
Sankt-Peterburq və Bakını uzun illərdir səmərəli əməkdaşlıq, ümumi tarixə, mədəniyyətə və insan talelərinə söykənən əsl qardaşlıq telləri bağlayır.
Biz Neva sahilində yerləşən şəhərdə böyük və fəal Azərbaycan diasporunun yaşaması, təhsil alması və işləməsi ilə qürur duyuruq. Muzeylərimiz, teatrlarımız, universitetlərimiz və müəssisələrimiz çoxsaylı birgə layihələrlə bir-birinə bağlıdır.
Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə yeni nailiyyətlər arzulayıram.
Qoy Sankt-Peterburq ilə Azərbaycan arasında dostluq əlaqələri hər il daha da möhkəmlənsin və dərinləşsin!”