Hüquqşünas Fərhad Mehdiyev sosial şəbəkədə kredit müqavilələri ilə bağlı ciddi iddia irəli sürüb.
Modern.az xəbər verir ki, hüquqşünasın sözlərinə görə, bəzi banklar zamin duran şəxslərə onların tam məlumatlılığı olmadan “kredit xətti müqaviləsi” imzaladırır. Bu cür müqavilələr nəticəsində zamin yalnız bir kredit üzrə deyil, borcalanın uzun illər ərzində götürə biləcəyi bir neçə kredit üzrə məsuliyyət daşıyır.
Fərhad Mehdiyevin sözlərinə görə, vətəndaşlar çox vaxt yalnız bir kreditə zamin durduqlarını düşünürlər. Lakin əslində imzaladıqları sənəd borcalanın gələcək kreditlərini də əhatə edir. Nəticədə əsas borclu sonradan zaminin xəbəri olmadan yeni kredit götürür və ödəniş etmədikdə məsuliyyət zaminin üzərinə düşür.
Hüquqşünas bu kontekstdə Express Bank ilə bağlı konkret müraciət aldığını da qeyd edib. Onun bildirdiyinə görə, zaminə müqavilə imzaladılarkən sənədin mahiyyəti izah olunmayıb və nəticədə vətəndaşın üzərinə borc qoyulub: "Vətəndaş düşünüb ki, bir kredit müqaviləsinə zamin durur; əslində o borc da bağlanmışdı. Daha sonra əsas borclu zaminin xəbəri olmadan ikinci krediti götürür və qaytarmır; iş gedir məhkəməyə və zamin "kredit XƏTTİ müqaviləsinə" imza atdığına görə indi üzərində borc var, hər iki avtomobilinə həbs qoyulub".
Fərhad Mehdiyev hesab edir ki, bu cür hallar bank sektorunda ciddi nəzarət tələb edir. O, Mərkəzi Bankın bu məsələlərə daha ciddi yanaşmalı olduğunu vurğulayıb. Hüquqşünasın fikrincə, məhkəmələr də belə zaminlik müqavilələrini “vacib əhəmiyyətli yanılma” əsası ilə etibarsız saymalıdır.
Məsələ bank–müştəri münasibətlərində şəffaflığın və vətəndaşların hüquqi maarifləndirilməsinin vacibliyini bir daha gündəmə gətirib.