Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdim etdiyi Amnistiya aktı layihəsi yalnız hüquqi bir mexanizmin tətbiqi deyil, həm də dövlət idarəçiliyinin dərin fəlsəfəsinə aid məsələdir. Qalib dövlətin özünə inamının ifadəsidir, cəmiyyətdə inklüzivliyin təmininə yönəlik humanist və sosial yönümlü hüquqi addımdır. “Cəza özlüyündə məqsəd deyil, insanın islahıdır” mövqeyini nümayiş etdirir.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
O qeyd edib ki, Amnistiya Dövlətin humanitar dəyərlərə, hüquqa, o cümlədən beynəlxalq hüquqa və sosial barışa sadiqliyini nümayiş etdirən yumşaq güc alətidir. Amnistiya aktı həmçinin dövlətin dəyərlərini və niyyətini beynəlxalq auditoriyaya ötürən simvolik addımdır:
"Bu səbəbdən Prezident İlham Əliyevin Amnistiya təşəbbüsünə beynəlxalq kontekstdən, beynəlxalq insan hüquqları kontekstindən fikir bildirmək istərdim. Böyük miqyasa görə Azərbaycanın hüquq tarixində ən geniş əhatə dairəsinə malik olacaq bu Amnistiya aktı eyni zamanda beynəlxalq siyasi mühitdə də mühüm məna daşıyır. Humanitar diplomatiya müstəvisində amnistiya humanizm mesajını verir.
Beynəlxalq münasibətlər nəzəriyyəsində “yumşaq güc” anlayışı dövlətlərin dəyərlər, nümunəvi davranış və humanitar yanaşma vasitəsilə fəaliyyətlərini göstərir. Amnistiya kimi addımlar hərbi və ya iqtisadi vasitələrdən istifadə etmədən, dövlətin beynəlxalq imicini gücləndirir. Bu cür qərarlar beynəlxalq mediada, diplomatik dairələrdə və akademik müzakirələrdə müsbət rezonans doğurur və Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirir.
Bu qərar göstərir ki, Azərbaycan hüquqi dövlət prinsiplərinə sadiq qalaraq ədalət və mərhəmət arasında tarazlığı qoruyur. Bu tarazlıq beynəlxalq hüququn və insan hüquqları sisteminin əsas fəlsəfəsi ilə üst-üstə düşür.
Amnistiya elanı beynəlxalq tərəfdaşlarda etimadı artırır, dialoq üçün müsbət mühitin formalaşmasına töhfə verir. Belə ki, bu gün dövlətlərin daxili qərarları beynəlxalq təşkilatlar, tərəfdaş ölkələr tərəfindən diqqətlə izlənilir.
Beynəlxalq konvensiyalar kontekstində amnistiya Yaşamaq hüququ, Ədalətli məhkəmə hüququ və Effektiv hüquqi müdafiə vasitəsi ilə əlaqəli təfsir oluna bilər.
Məsələn, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında “amnistiya” birbaşa tənzimlənməsə də, yuxarıda qeyd etdiyim məsələlər Konvensiya mətnində konkret maddələrdə təsbit olunmuşdur:
Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi məkanda etimad və sabitlik xüsusi əhəmiyyət daşıyır. Post-münaqişə mərhələsində olan bir ölkə üçün barışıq, reinteqrasiya və sosial harmoniya yalnız daxili siyasətin deyil, eyni zamanda xarici siyasətin elementlərindən sayılır. Amnistiya bu baxımdan cəmiyyət daxilində birliyi möhkəmləndirməklə yanaşı, beynəlxalq müstəvidə də sülhə və dialoqa sadiqliyin göstəricisi kimi çıxış edir.
Prezident İlham Əliyevin Amnistiya təşəbbüsü bir daha sübut edir ki, Azərbaycan dövləti yalnız hüquqla müəyyən edilmiş cəzanı tətbiq edən deyil, eyni zamanda humanizmə əsaslanan dövlətçilik modelini seçmişdir.
Bir vacib məqamı da vurğulamaq istərdim. Beynəlxalq hüquq ağır beynəlxalq cinayətlərə görə məhkum olunanlara amnistiya tətbiqini yolverilməz hesab edir.
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutu (Roma Statutu) soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri üçün amnistiyanı qəbul etmir.
Avropa İnsan Hüquqları Məhkəməsinin Marğuş Xorvatiyaya qarşı 2014-cü ildə qəbul etdiyi (Marguš v. Croatia (2014) məhkəmə qərarında təsdiqini tapmışdır. Məhkəmə bildirdi ki, müharibə cinayətləri və mülki şəxslərə qarşı zorakılıq aktları üzrə amnistiya Avropa Konvensiyasının ruhuna ziddir.
Nəticə olaraq demək istərdim ki, amnistiya institutuna beynəlxalq münasibətlər prizmasından baxdıqda, o, barışıq, dialoq və etimad mesajı kimi qəbul olunur".
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Milli Məclisinə amnistiya aktının layihəsini təqdim edib. Bu akt: ölkə tarixində ən genişmiqyaslı amnistiya olacaq, 20 mindən çox şəxsə şamil olunması gözlənilir.