2025-ci ilin 11 ayı ərzində məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 512 müraciət daxil olub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Komitənin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.
O qeyd edib ki, 2024-cü ilin 11 ayı ərzində isə məişət zorakılığı ilə bağlı Komitəyə 535 müraciət daxil olub.
“Zorakılığa məruz qalanların sayı 2024-cü ilin 11 ayı ərzində 42 nəfər olduğu halda, 2025-ci ilin 11 ayı ərzində 74 müraciət qeydə alınıb”.
Qurum rəsmisi bildirib ki, müraciət edənlər arasında kişilər üstünlük təşkil etsə də, bu müraciətlərin böyük əksəriyyəti kişilərin himayəsində olan uşaqlara qarşı zorakılıq halları ilə bağlıdır:
“Qeyd olunan 74 müraciətin hamısı birbaşa qadınlar tərəfindən törədilən zorakılıq kimi qiymətləndirilmir, burada birbaşa və dolayı yolla zorakılığa məruz qalan şəxslər nəzərdə tutulur. Bununla belə, zorakılığa məruz qalanlar arasında qadınların sayı daha çoxdur. Belə ki, 2025-ci ilin 11 ayı ərzində qadınlara qarşı 493 zorakılığa məruz qalma fakt qeydə alınıb. Bununla yanaşı, həmin dövrdə Komitə tərəfindən 466 uşaq məişət zorakılığının qurbanı olaraq qeydə alınıb”.
Qeyd edilib ki, daxil olan müraciətlər AQUPDK tərəfindən aidiyyəti dövlət qurumlarına yönləndirilir və zərurət yarandıqda zorakılığa məruz qalan şəxslərin sığınacaqlara yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət edilir.
Xatırladaq ki, 2024-2025-ci illərdə məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib. Ümumilikdə 7 istiqamət üzrə 6 qanuna və 5 fərmana dəyişiklik olunub. Hazırda həmin qanunların icrası mexanizmlərinin yenidən işlənməsi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.