“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklik cəmiyyətimizin təməlini təşkil edən dəyərlərin qorunmasına xidmət edir. Belə ki, son illərdə informasiya məkanında, xüsusilə sosial şəbəkələrdə cəmiyyətin mənəvi dəyərlərinə zidd olan davranış nümunələrinin yayılmasının şahidi oluruq. Onlar cəmiyyətin üzləşdiyi yeni çağırışların, xüsusilə də sürətlə dəyişən informasiya mühitinin yaratdığı risklərin nəticəsidir. Bu gün gənclər təkcə ailədən və məktəbdən deyil, əsasən sosial şəbəkələrdən “tərbiyə alırlar”. Qısa videolar, trend adlanan davranışlar, baxış sayı uğrunda aparılan yarış gənclərin düşüncə tərzini formalaşdırır. Təəssüf ki, bu tendensiyaların bir hissəsi aqressiyanı, laqeydliyi, məsuliyyətsizliyi və əxlaqa zidd davranışları norma kimi təqdim edir. Yeni bir təhlükəli yanaşma formalaşıb: “hamı edirsə, deməli, normaldır”. Gənclər bəzən düşünmürlər ki, bu paylaşımların arxasında diqqət cəlb etmək, reytinq toplamaq və əksər hallarda da kommersiya maraqları dayanır. Sosial şəbəkələrin alqoritmləri isə məhz bu cür qalmaqallı və sərhədsiz məzmunu daha sürətlə yayır. Bu cür sosial dəyərlər, daha doğrusu, dəyərsizləşmə uşaqlar və yeniyetmələr üçün çox təhlükəlidir. Çünki formalaşmaqda olan düşüncə bu davranışları həyat modeli kimi qəbul edir. Nəticədə ailə anlayışı zəifləyir, hörmət anlayışı itir, məsuliyyət isə arxa plana keçir. Gənclər bizim gələcəyimizdir. Sabah ailə quracaq, valideyn olacaq, cəmiyyətin əsas dayağına çevriləcək insanlar məhz onlardır. Ailə institutunun və sağlam gələcəyin qorunması isə bu gün düzgün nümunələrin təbliğindən başlamalıdır. Burada dil məsələsi də xüsusi əhəmiyyət daşıyır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də düşüncə formasıdır. Dilin təhrif olunması davranışın, münasibətlərin və dəyərlərin təhrif olunmasına gətirib çıxarır. Gənclər bunu görərək böyüyür və bunu norma kimi qəbul edirlər. Məhz buna görə də bu dəyişikliklər vaxtında atılmış addımdır. Məqsəd cəzalandırmaq deyil, qorumaqdır. Məqsəd qadağa deyil, sağlam informasiya mühiti yaratmaqdır. Biz bu gün milli-mənəvi dəyərləri, - ailəni, hörməti, məsuliyyəti qorumasaq, sabah gec ola bilər. Nigar Məmmədova Milli Məclisin deputatı