Xəstəxanalar və növbətçilik sistemi çərçivəsində təcili yardım resursu çox dəyərli və zəruri bir resursdur. Gələn ilin əvvəlindən çağrı mərkəzində daha təkmil və sistemli bir mexanizmin tətbiqi nəzərdə tutulur. Bu sistem çərçivəsində hər bir xəstənin çeşidlənməsi aparılacaq.
Metbuat.az-ın məlumatına görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
O bildirib ki, çeşidlənmə dedikdə vətəndaşın zəng zamanı bildirdiyi şikayətlərə uyğun olaraq ona konkret sualların ünvanlanması və klinik simptomatikaya əsasən çağırışın dərəcəsinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Məsələn, vətəndaş 37 dərəcə qızdırması olduğunu bildirirsə, bu hal həyat üçün təhlükə yaratmayan simptom kimi qiymətləndirilə və çağırışın prioriteti aşağı ola bilər.
Əgər çağırışlarda sıxlıq azdırsa, təcili yardım daha qısa müddətdə göndərilə bilər. Lakin sıxlıq olduqda prioritet çağırışlara üstünlük veriləcək və ilk növbədə həyati təhlükə olan hallara müdaxilə ediləcək. Yüngül qızdırma, təzyiqin ölçülməsi kimi hallarda isə təcili yardımın müəyyən vaxt ərzində gecikməsi mümkün olacaq.
Kritik hallarda təcili yardımın gecikməsi ilə bağlı son dövrlərdə şikayətlərin xeyli azaldığı müşahidə olunur. Gələn ilin əvvəlindən elektron sistemin tam tətbiqi ilə təcili yardımla bağlı mövcud sıxlıqların və çətinliklərin tam aradan qalxacağı gözlənilir.
Sevinc İbrahimzadə / Metbuat.az