Hindistanın Carkhand əyalətində 42 fildən ibarət sürü kəndlərə hücum edib.
Metbuat.az xəbər verir ki, fillərin hücumu nəticəsində ümumilikdə 4 nəfər həlak olub. Bildirilib ki, sakinlər şəkil çəkdirmək üçün yol kənarında dincələn fil sürüsünə yaxınlaşıblar. Fillərdən biri ona çox yaxınlaşan 33 yaşlı kişini tutub öldürüb. Ardınca eyni sürü başqa kəndə girib və fillərin yüksək səslərindən qorxan sakinlər evlərindən qaçmağa başlayıblar. Yaranan xaos zamanı daha iki nəfər fillər tərəfindən tapdalanaraq öldürülüb.
Məlumata görə, fil hücumları Ramqarh bölgəsindəki kəndlərdə çaxnaşmaya səbəb olub. Fillərin növbəti hücumları nəticəsində daha bir nəfər həlak olub. Sürünün girdiyi kəndlərdə xəsarət alanların olduğu və evlərə ziyan dəydiyi bildirilib.