Bakı.Trend:
Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qaz (MTQ/LNG) tədarükünün tam bərpası 2027-ci ilin aprelində baş verə bilər. Fars körfəzi ölkələrindən MTQ tədarükünün perspektivlərinə dair yenilənmiş təhlildə bu ssenari baza ssenarisi kimi qəbul edilib.
Bu barədə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) “Hörmüz boğazında MTQ-ni nə gözləyir? Alternativ ssenarilər” adlı hesabatında deyilir.
Hesabata əsasən, ABŞ-də noyabrın əvvəlində keçirilməsi planlaşdırılan aralıq seçkilər yaxınlaşdıqca boğaz vasitəsilə gəmiçiliyin təhlükəsiz və etibarlı şəkildə bərpası şərtlərinin razılaşdırılmasına yönəlmiş diplomatik səylər dayandırılıb. Qeyd olunur ki, sentyabrın sonunda Ağ Ev İranın təklif etdiyi yeddi günlük sülh planını rədd edib.
Vurğulanır ki, ABŞ Fars körfəzindən İran neftinin ixracına qarşı effektiv embarqo tətbiq etməyə nail olsa da, müvafiq razılaşma olmadan İranın gəmiçilik üçün yaratdığı təhlükəni aradan qaldıra bilməyib. “Hər iki tərəf boğazdan keçməyə cəhd edən ticarət gəmilərinə zərbələr endirib, onları sıradan çıxarıb, bəzi hallarda isə batırıb”.
“Həmçinin sentyabrın ortalarında İranla Fars körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurasına (ƏŞ) üzv qonşu ölkələr arasında regional konfransın təşkili cəhdləri də uğursuzluqla nəticələnib. Buna səbəb İranın boğazdan keçid üçün rüsum tətbiq edilməsi və boğaz vasitəsilə enerji resurslarının ixracına nəzarət yaradılması təklifinin razılaşdırılmaması olub.
Siyasi dalandan tezliklə çıxışın əlamətləri görünmür. Enerji bazarında qiymət şokunun davam etməsi Şimal yarımkürəsində qış yaxınlaşdıqca idxalçı ölkələr üçün qiymət artımı və MTQ tədarükündə fasilələr riskini artırır”, - hesabatda bildirilir.
İnstitutun məlumatına görə, martın sonunda dərc olunan əvvəlki araşdırmasında OIES-in analitiki Mayk Fulvud tədarükün bərpasına dair üç ssenarini nəzərdən keçirib. Optimist ssenariyə əsasən, tədarük 2026-cı ilin iyununda bərpa olunmalı idi. İkinci ssenari tədarükün yaydan sonra bərpasını və Qətərdə zədələnmiş mayeləşdirmə xətləri istisna olmaqla, həcmlərin 2026-cı ilin noyabrında normal səviyyəyə yaxınlaşmasını nəzərdə tuturdu. Ən əlverişsiz ssenari isə tədarükün bir il müddətinə dayandırılmasını və zədələnməmiş xətlərin 2027-ci ilin aprelinədək yenidən istismara verilməsini ehtiva edirdi.
Hesabatda təqdim olunan hesablamalara əsasən, tədarükün 2026-cı ilin dördüncü rübündə bərpası Avropanın TTF qaz ticarət mərkəzində qiymətlərin ilin sonunadək bir milyon Britaniya istilik vahidi (MMBtu) üçün 25 dollardan yuxarı qalxmasına səbəb ola bilər.
“2026-2027-ci illərin qışı ərzində tədarükün dayandırılmasının davam etməsi qiymətləri MMBtu üçün 30 dollardan xeyli yuxarı qaldıra bilər. Bununla yanaşı, böhrandan əvvəl, 2026-cı ilin fevralında TTF üzrə fyuçers qiymətləri MMBtu üçün 10-11 dollar təşkil edib, hesabat hazırlanarkən isə cari fyuçers kotirovkaları 28 dollar ətrafında olub”, - hesabatda qeyd edilir.
Hesabatda bildirilir ki, OIES yenilənmiş təhlilində 2027-ci ilin aprelində tədarükün bərpasını nəzərdə tutan baza ssenarisi ilə yanaşı, daha üç alternativ ssenarini nəzərdən keçirir.
“Birinci ssenari tədarükün baza ssenarisi ilə müqayisədə altı ay gec, 2027-ci ilin oktyabrında bərpasını nəzərdə tutur. Bu ssenari yay aylarında tədarükün tədricən artırılmasını və zədələnməmiş mayeləşdirmə xətlərinin oktyabrda tam fəaliyyətə başlamasını ehtiva edir.
Məhdudiyyətlərin davam etməsini nəzərdə tutan ikinci ssenariyə əsasən, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) MTQ tədarükü 2028-ci il ərzində hazırkı səviyyədə, yəni ayda 2 milyard kubmetrdən bir qədər az həcmdə qalacaq. Bu həcmlər əsasən Fars körfəzi ölkələrinin, o cümlədən Küveytin daxili istehlakçıları tərəfindən istifadə oluna biləcək. Bu halda Hörmüz boğazı vasitəsilə gəmiçiliyin tam bərpası baş verməyəcək.
Üçüncü ssenari Fars körfəzi ölkələrindən MTQ tədarükünün 2027-ci ilin yanvarından etibarən böhrandan əvvəlki səviyyənin 50 faizinə çatmasını nəzərdə tutur. Bu ssenaridə Qətər və BƏƏ-dən MTQ ixrac edən şirkətlərin gəmilərin boğazdan keçidi şərtlərinə dair danışıqlarda çətinliklərlə üzləşdiyi və ya yüklərin daşınması zamanı təhlükəsizlik risklərinə tam uyğunlaşa bilmədiyi vəziyyət modelləşdirilir”, - OIES bildirir.