Belarus lideri Aleksandr Lukaşenko özünü problemləri gələcək nəsillərə ötürmək istəməyən "gedən prezident” kimi təsvir edib. Modern.az saytının məlumatına görə, Lukaşenko bunu Newsmax TV-yə müsahibəsində bildirib.
"Mən gedən prezidentəm və prezident olduğum müddətdə yaranan problemlərin gələcək nəsillərə ötürülməsini istəmirəm", - Lukaşenko deyib. O, Minsk və Vaşinqton arasında yaxşı münasibətlər qurmaq istəyini vurğulayıb. "Hər nəsil öz problemlərini həll etməlidir. Bizim nəslin, Trampın, Lukaşenkonun nəslinin problemləri var və biz onları həll etməliyik", - deyə Belarus prezidenti əlavə edib.
Lukaşenko həmçinin Vaşinqtonun 2020-ci ildə Belarusda keçirilən etirazları dəstəkləyərək uduzduğunu və məğlubiyyətini etiraf etməli olduğunu bildirib.
Bu ilin may ayında Lukaşenko gənc nəsil liderləri hazırlamaq üçün hakimiyyətdə "bir az daha qalacağını" bildirib. Avqust ayında Lukaşenko daha bir prezidentlik müddətinə namizədliyini irəli sürməyi planlaşdırmadığını açıqlayıb. Aleksandr Lukaşenko 1994-cü ildən bəri Belarus prezidentidir. O, Tacikistan prezidenti Emoməli Rahmonla birlikdə MDB liderləri arasında ən uzun müddət hakimiyyətdə olan liderdir.