ABŞ Prezidenti Donald Tramp vətəndaşları ABŞ-a girişi qadağan edilən ölkələrin siyahısını genişləndirib.
Modern.az xəbər verir ki, Ağ Evin məlumatına görə, siyahıya Burkina Faso, Mali, Niger, Cənubi Sudan və Suriya daxil edilib. Qadağa Fələstin Muxtariyyəti tərəfindən verilən sənədlərin sahiblərinə də şamil edilir.
Bundan əlavə, ABŞ hakimiyyəti vətəndaşlarının qismən giriş məhdudiyyətlərinə məruz qaldığı ölkələrin siyahısını da genişləndirib. Buraya 15 ölkə daxildir: Anqola, Antiqua və Barbuda, Benin, Kot-d'İvuar, Dominikan, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve.
Tramp administrasiyası bu ölkələrdə korrupsiyanın geniş yayıldığını və sakinlərin saxta sənədlərə sahib olduğunu bildirib.
İyun ayında Tramp Əfqanıstan və İran da daxil olmaqla 12 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edən sərəncam imzalayıb. Kuba, Venesuela və Türkmənistan da daxil olmaqla daha 7 ölkənin vətəndaşları üçün qismən giriş məhdudiyyətləri tətbiq edib.
Ağ Ev noyabr ayında 19 ölkədən olan əcnəbilərin yaşıl kartlarını yenidən nəzərdən keçirəcəyini açıqlayıb – bunlar iyun ayında məhdudiyyətlərə məruz qalan eyni ölkələrdir. Eyni zamanda, Donald Tramp "bütün üçüncü dünya ölkələrindən" miqrasiyanı dayandıracağına söz verib.
Məhdudiyyətlər əvvəllər ABŞ ilə əməkdaşlıq etmiş Əfqanıstan vətəndaşının noyabrın sonlarında Ağ Evin yaxınlığında iki Milli Qvardiya əsgərinə atəş açmasından sonra elan edilib. Əsgərlərdən biri ölüb.