Azərbaycanda heç yerdə işləməyən kəslərdən borc və aliment ödənişlərinin tələb olunması cəmiyyətdə tez-tez narazılıq yaradır. Bəs işsiz şəxslər bu ödənişləri etməyə məcburdur?
Hüquqşünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, qanunvericiliyə, eləcə də Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasına, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və BMT sənədlərinə əsasən, hər kəs mülki öhdəliyini imkanları daxilində icra etməlidir. Əgər şəxsin bu imkanı yoxdursa, ondan borcun icrası tələb oluna bilməz:
“Tarixə nəzər salsaq görərik ki, qədim dövrlərdə bir çox xalqlarda borcunu ödəyə bilməyən insan borc verdiyi şəxsin köləsinə çevrilirdi. Hətta bəzi cəmiyyətlərdə borca görə insanın öldürülməsi və ya bədən üzvlərinin kəsilməsi kimi vəhşi üsullar mövcud olub. Sonralar bu yanaşma nisbətən “yumşaldılaraq” borclunun borc verən şəxs üçün pulsuz işləməsi formasını aldı. Əslində, bu da köləliyin başqa bir növü idi. Daha sonrakı mərhələdə isə borcunu ödəyə bilməyən şəxslərin həbs edilməsi praktikası yarandı. Məsələn, İngiltərədə XIX əsrdə “borc həbsxanaları” mövcud olub. Lakin XIX əsrin ikinci yarısından etibarən Avropa cəmiyyətləri bu nəticəyə gəldi ki, insan borcuna görə nə azadlığından, nə də həyatından məhrum edilə bilməz — yalnız əmlakı ilə məsuliyyət daşıya bilər. İslam hüququnda isə bu prinsip hələ VII əsrdən mövcuddur. Klassik İslam hüququna əsasən, borclu yalnız əmlakı ilə cavabdeh olub, borca görə nə köləlik, nə də həbs tətbiq edilib. Buna görə də beynəlxalq insan hüquqları sənədlərində açıq şəkildə qeyd olunur ki, heç kəs borcunu ödəyə bilmədiyinə görə həbs edilə bilməz. Çünki ödəmək imkanı olmayan şəxsdən bunu tələb etmək qeyri-insanidir”.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda xüsusilə 2015-ci il devalvasiyasından sonra borcunu ödəyə bilməyən şəxslərin inzibati qaydada həbs olunması halları artdı. Halbuki qanunvericiliyə görə, məhkəmə qərarını üzürlü səbəb olmadan icra etməyən şəxs məsuliyyətə cəlb edilə bilər:
“Konstitusiya Məhkəməsi 2012-ci ildə verdiyi şərhdə “üzürlü səbəb” anlayışına aydınlıq gətirərək bildirib ki, söhbət imkanı ola-ola ödəməyən şəxsdən gedir və bu imkan mütləq şəkildə sübut olunmalıdır. Sadəcə “necə dolanırsan?” sualı ilə kiminsə gəlirinin olduğunu iddia etmək olmaz. Ola bilər ki, şəxs qohumlarının köməyi ilə yaşayır, yaxud qazancı yalnız minimum yaşayışını təmin edir. İnsan öz yaşayışını təmin etmədən borc ödəməyə məcbur edilə bilməz. Əlbəttə, qeyri-formal məşğulluqla məşğul olub gəlirini gizlədən, vergi ödəməyən və borcunu qəsdən icra etməyən şəxslər də var. Dövlətin vəzifəsi məhz bu halları aşkarlamaqdır. Əgər dövlət bunu sübut etmirsə, yalnız borcun mövcudluğuna görə şəxsi həbs etmək yolverilməzdir. Bu səbəbdən 2016-cı ildə borca görə tətbiq edilən inzibati həbslərlə bağlı yerli məhkəmələrdə, daha sonra isə Avropa İnsan Hüquqları Məhkəməsində şikayətlər verilib. Nəticədə 22 iyul 2022-ci ildə Avropa Məhkəməsi Azərbaycanın əleyhinə qərar çıxararaq bildirib ki, bu həbslər qanunsuzdur, çünki dövlət şəxslərin real gəlirə malik olduğunu sübut etməyib”.
Hüquqşünas qeyd edib ki, valideyn aliment öhdəliyini ödəmədiyi halda dövlət məsuliyyət daşımalıdır:
“Atanı həbs etməklə uşaq təmin olunmur. Aliment Fondu kimi mexanizmlərin yaradılması vacibdir. Dövlət alimenti müvəqqəti olaraq ödəməli, sonradan valideynin real imkanları aşkar edilərsə, həmin vəsaiti ondan geri almalıdır”.
Sevinc İbrahimzadə / Metbuat.az
