İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu MHP sədri Dövlət Baxçalının “Silivri” ilə İmralıya getmək arasında heç bir fərq yoxdur” açıqlamasına reaksiya verib.
Metbuat.az xəbər verir ki, xanım İmamoğlu Baxçalının sözlərini eşidəndə çox məyus olduğunu və qulaqlarına inanmadığını bildirib: “Anlamağa çətinlik çəkdim. Çox üzüldüm”.
Dilək İmamoğlu qeyd edib ki, təkcə özü, ailəsi üçün deyil, həm də ölkəsi üçün kədərlənib: “Dönə-dönə oxudum, amma oxuduqlarıma inanmaq istəmədim. Şoka düşdüm. Səkkiz ay ərzində yaşadığımız iztirablardan sonra bu sözləri eşitmək məni satsıtdı. Ağırdır, çox ağırdır”.
Xanım İmamoğlu Dövlət Baxçalıya müraciət edib: “Partiyanızdan bir heyəti “Silivri” həbsxanasına göndərməyi niyə düşünmədiniz? Əkrəm imamoğlu İstanbulun bələdiyyə sədridir. Onun məhkəməsi şəffaf keçirilməlidir. Bu baxımdan məhkəmə prosesinin TRT-də yayımlaması ilə bağlı etdiyiniz çağırış bizim üçün əvəzsiz və mənalıdır. Gəlin hamılıqla hüququn aliliyini təmin edək. Yeganə arzumuz ədalətin tezliklə bərqərar olmasıdır”.