Yeni standart NFC-ni daha praktik, sürətli və geniş istifadə sahəsinə malik texnologiyaya çevirəcək.
NFC texnologiyası adlanan bu sistem illərdir telefonlarla ödəniş, qapı kilidi açma və digər funksiyalarda istifadə olunur, lakin yalnız 5 millimetr məsafədə işlədiyi üçün tez-tez problemlər yarana bilir.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "Apple", "Google", "Sony" kimi nəhənglərin dəstəklədiyi yeni CR15 standartı ilə məsafə dörd dəfə artırılaraq 20 millimetrə çatdırılır. Bu, ödəniş terminallarında telefonu dəqiq hizalamaq əziyyətini aradan qaldıracaq.
"NFC Forum"un icraçı direktoru Mayk MakKamon bildirib ki, bu yenilik həm təhlükəsizliyi qoruyacaq, həm də yeni istifadələrin yolunu açacaq. Məsələn, telefonun avtomobilin açarı kimi istifadəsi və ya ağıllı saatın ictimai nəqliyyatda bilet funksiyası daha rahat olacaq.
Hazırkı cihazların bu standartı dəstəkləyib-dəstəkləməyəcəyi hələlik bəlli deyil. Hətta “iPhone 17 Pro” kimi son model telefonların belə sadə proqram yeniləməsi ilə bu imkanlardan yararlanıb-yararlana bilməyəcəyi sual altındadır. "NFC Forum" yaxın günlərdə təşkil edəcəyi veb-seminarda CR15-in texniki tərəflərini və yeni cihazlara inteqrasiya planlarını açıqlayacaq.