Azərbaycana xaricdən avtomobil gətirmək istəyən şəxslər bir neçə növ rüsum və ödənişlə qarşılaşır. Bu ödənişlər qanunvericiliklə müəyyən olunub və avtomobilin texniki göstəricilərinə, mühərrik növünə, yaşına və digər amillərə görə dəyişir.
Metbuat.az-ın məlumatına görə, avtomobilin gömrük rüsumu onun mühərrikinin tipinə və həcminə əsasən hesablanır. Əgər avtomobil daxili yanma mühərriki ilə işləyirsə, hər kubsantimetr üçün 0,4 ilə 1,2 ABŞ dolları arasında rüsum tutulur. Elektrik mühərriki ilə çalışan avtomobillər üçün bu rüsum daha fərqlidir. Onların gömrük dəyərinin 15 faizi həcmində müəyyən olunur.
İdxal zamanı ödənilən ən mühüm vergilərdən biri də ƏDV-dir. Bu vergi avtomobilin gömrük dəyərinə və ona əlavə edilən bütün digər rüsum və ödənişlərə əsasən hesablanır. Yekun məbləğin 18 faizi qədər tutulur.
Aksiz vergisi avtomobilin mühərrikinin növü və həcmi, eyni zamanda istismar müddətinə əsaslanır. Bu vergi benzin və dizel mühərrikləri üçün fərqli cədvəl üzrə hesablanır və məbləğlər 600 manatdan başlayır.
Avtomobilin yaşı da əlavə ödəniş tələb edir. Belə ki, gətirilən nəqliyyat vasitəsinin yaşı 4-7 il arasındadırsa, utilizasiya haqqı 400 manatdır. Əgər avtomobilin yaşı 7 ildən çoxdursa, bu məbləğ 700 manata qədər yüksəlir.
Avtomobil idxalı zamanı müxtəlif texniki və sənədləşmə proseslərinə görə əlavə ödənişlər də var. Bunlara daxildir:
- Avtomobilə verilən vəsiqə üçün – 30 manat
- Gömrük yığımları avtomobilin gömrük dəyərinə görə - 15 manatdan - 1000 manatadək
- Gömrük ekspertizası – 30 manat
- Elektron gömrük xidmətləri – 30 manat
- Elektron gömrük xidmətinə görə ƏDV – 5,4 manat
- Avtomobilin texniki standartlara uyğunluğunu təsdiq edən sertifikat üçün dövlət rüsumu – 30 manat
Xaricdən avtomobil gətirmək ilk baxışdan rahat görünsə də, tətbiq olunan rüsum və vergilər prosesi müəyyən qədər mürəkkəbləşdirə bilər. Ona görə də idxal etməzdən əvvəl bütün bu ödənişlərlə tanış olmaq, təxminən nə qədər xərc çəkəcəyini bilmək alıcılar üçün olduqca vacibdir.
Sevinc İbrahimzadə / Metbuat.az