“Zəngəzur dəhlizinin açılması üçün öncə siyasi qərara ehtiyac var və bu baxımdan Əbu Dabi görüşü olduqca əhəmiyyətli hesab edilir. Demək olar ki, dəhlizin Azərbaycanın şərtləri əsasında açılması ilə bağlı prinsipial razılıq əldə olunub. Yəni “Azərbaycandan Azərbaycana” prinsipi çərçivəsində maneəsiz keçid fəlsəfəsi ilə kommunikasiya xəttinin açılması razılaşdırılıb”.
Bunu Metbuat.az-a açıqlamasında politoloq Natiq Miri bildirib. Onun sözlərinə görə, bu istiqamətdə hələ də qeyri-müəyyənliklər qalır:
“Gündəmdə açılacaq bu dəhlizə hansısa bir şirkətin nəzarət etməsi məsələsi də var. Ermənistandan verilən açıqlamalara əsaslansaq, rəsmi İrəvan bu təklifə müəyyən qədər razılıq verib. Lakin burada söhbət yalnız ABŞ şirkətinin nəzarətindən getmir. Ermənistan hər bir halda nəzarətin yalnız öz ərazisində olmasını istəyir. Bu məsələ daha çox ictimai rəyə və daxili auditoriyaya yönəlmiş bəyanat kimi təqdim olunur. Ermənistan öz suveren hüquqlarını heç kimə təslim etməyəcəyini bildirsə də, prinsipial olaraq ABŞ-nin kommunikasiya sisteminə nəzarət etməsinə və təhlükəsizliyi təmin etməsinə razıdır”.
N.Mirinin fikrincə, təhlükəsizlik məsələsi ilə bağlı Azərbaycanın müəyyən sualları var:
“Bu səbəbdən, Zəngəzur dəhlizinin açılması ilə bağlı prinsipial razılaşma olsa da, Ermənistanın maneəsiz keçidə razılığı olsa da, təhlükəsizlik və ABŞ şirkətinin iştirakı məsələsində bəzi suallar hələ də aktuallığını qoruyur. Görünən budur ki, hazırda bu məsələlərin üzərində iş aparılır. Diqqət yetirsəniz, Ermənistanın baş naziri Nikol Paşinyan artıq Avropa İttifaqının siyasi mərkəzi sayılan Brüsselə səfər edib və orada Avropa Komissiyası və Avropa Şurası rəhbərləri ilə görüşlər keçirəcək. Düşünürəm ki, məhz bu məsələlərlə bağlı Ermənistanın məsləhətləşməyə ehtiyacı var”.
Politoloqun sözlərinə görə, nəqliyyat-kommunikasiya sisteminin açılması prinsipial olaraq razılaşdırıldığı üçün Zəngəzur dəhlizinin reallaşması uzaq deyil:
“Bu istiqamətdə artıq konkret praktiki addımlar da atılır. Hətta Əbu Dabi görüşündən əvvəl də Nikol Paşinyanın Zəngəzur bölgəsinə bir neçə səfəri olmuşdu və bu səfərlər çərçivəsində müəyyən praktiki işlər görülüb. Hazırda əsasən yüklərin daşınması və dəmir yolu xəttinin açılması məsələsi müzakirə olunur. Əgər konkret siyasi razılıq əldə olunarsa, düşünürəm ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması uzaqda deyil. Çünki Azərbaycanın artıq 2025-ci ilin sonuna qədər Zəngilanın Ağbənd hissəsinə qədər həm avtomobil, həm də dəmir yolu xəttini tamamlayacağı barədə məlumatlar mövcuddur. Bu kontekstdə Ermənistan da tədricən öz hazırlıqlarını görməyə başlayıb. Ona görə də açıq və birmənalı demək olar ki, Zəngəzur dəhlizinin həm siyasi baxımdan, həm də praktik planda açılması artıq uzaq perspektiv deyil”.
Sevinc İbrahimzadə / Metbuat.az