Amerikalı milyarder və "SpaceX" şirkətinin qurucusu İlon Mask ABŞ-də yeni siyasi partiyanın yaradıldığını bəyan edib.
Modern.az xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkəsi X-də keçirdiyi sorğudan sonra açıqlama verib.
Sorğuda iştirak edənlərin 65,4 faizi Maskın partiya yaratmasını dəstəkləyib.
Mask bildirib ki, yeni partiyanın adı “Amerika” olacaq və siyasi təşkilatın əsas məqsədi ölkədə azadlıqları bərpa etməkdir.
“Əgər ölkə israfçılıq və korrupsiya yolu ilə talan edilirsə, bu, artıq demokratiya deyil, birpartiyalı sistemdir. Bu gün "Amerika" partiyası yaradıldı ki, azadlığınızı geri qaytaraq”, - deyə o, paylaşımında vurğulayıb.
İlon Mask yeni partiyanın taktiki hədəflərini də açıqlayıb. Onun sözlərinə görə, partiya ilkin mərhələdə ABŞ Senatında 2-3, Nümayəndələr Palatasında isə 8-10 yer qazanmağı planlaşdırır. Bu deputatlar qanunvericilikdə mübahisəli məsələlər üzrə həlledici mövqe tutmaq üçün kifayət edəcək.
“Bu yerlər bizə xalqın həqiqi iradəsini əks etdirən qərarların qəbulunda əsas söz sahibi olmaq imkanı verəcək”, - deyə Mask bildirib.
Yeni partiyanın yaradılması İlon Mask və ABŞ prezidenti Donald Tramp arasında son günlər yaşanan gərginlik fonunda elan edilib.