Rusiya prezidenti Vladimir Putin Şimali Koreya ordusuna Kursk vilayətində Ukrayna qoşunlarının hücumunun dəf edilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.
Metbuat.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat dərc edilib. Putin Rusiya Silahlı Qüvvələrinin Kursk vilayətinə soxulan ukraynalı yaraqlıları darmadağın etdiyini və Rusiya ərazisinin bir hissəsini ələ keçirməyə cəhd edən Ukrayna administrasiyasının cinayətkar təxribatına son qoyulduğunu xatırladıb. O, hərbi əməliyyatlarda Şimali Koreya əsgərlərinin də töhfəsini vurğulayıb.
Putin, “Şimali Koreya Xalq Ordusunun bölmələri beynəlxalq hüquq normalarına və Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasındakı hərtərəfli strateji tərəfdaşlıq haqqında Sazişin mahiyyətinə uyğun olaraq ərazimizə daxil olmuş Kiyev rejiminin neonasist birləşmələrinin darmadağın edilməsində fəal iştirak edib. Biz bunu çox yüksək qiymətləndiririk və Kim Çen Ina, bütün Şimali Koreya rəhbərliyinə və xalqına minnətdarıq” - deyə bildirib.