Rəqəmsal məktəb platforması internet üzərindən dərs keçmək və tapşırıqları yerinə yetirmək üçün yaradılmış bir sistemdir. Şagird və müəllimlər bu platforma ilə dərslərə rahat şəkildə qoşula və materiallara asanlıqla baxa bilirlər.
Təhsil eksperti Elmin Nuri Metbuat.az-a açıqlamasında bu platformaya və bu istiqamətdə atılan digər addımlara qeyri-adi, xüsusi bir üstünlük kimi baxmağın qəti əleyhinə olduğunu bildirib:
“Doğrudur, hər bir yenilik alqışlanmalıdır və təhsil adına atılmalı olan cəhd kimi dəyərləndirilməlidir. Amma biz XXI əsrin 25-ci ilində süni intellektin bütün dünyanı idarə etdiyi bir çağdayıq. Elə bir zamandayıq ki, bir ay əvvəl yaradılan süni intellekt aləti bir müddət sonra yenisinin kölgəsində qalır. Texnologiya o qədər sürətlə inkişaf edir ki, bu gün bir çox sahələrdə olduğu kimi, təhsilin də texnoloji baxımdan reformasiya olunmasına ciddi ehtiyac var. Bu baxımdan görülən işləri təqdir edirik, amma bunlara xüsusi bir üstünlük kimi yanaşmaq da doğru olmaz. Onsuz da dövr bizdən bu cür layihələri həyata keçirməyi tələb edir. Rəqəmsal məktəb platforması və onun kimi təşəbbüslər qaçılmazdır. İndi əsas məsələ odur ki, bu necə tətbiq olunacaq? Tətbiq mexanizmi necə qurulacaq? Effektivliyi necə olacaq? Bunlar haqda danışmaq hələ tezdir. Çünki platforma gələn tədris ilindən tətbiq olunacaq və onun nə dərəcədə səmərəli olduğunu yalnız ondan sonra görə bilərik”.
E.Nuri qeyd edib ki, bu, dünyada yeni bir layihə deyil. Bir çox ölkələrdə bu platforma çoxdan tətbiq olunub:
“Onlar təhsilə təsiretmə gücünə malik olsalar da, hələ ki təhsili köklü şəkildə dəyişən bir vasitə kimi qəbul olunmurlar. Rəqəmsal məktəb platforması dörd əsas istiqamətdə – şagird, valideyn, müəllim və məktəb rəhbərliyi üçün nəzərdə tutulub. Onların fəaliyyətini asanlaşdırır, əlçatanlığı artırır. Lakin bu platformaya təhsili inqilabi şəkildə dəyişdirəcək gücə sahib bir layihə kimi baxmaq doğru olmaz. Təhsil prosesi öz mexanizmi ilə işləyir. Rəqəmsal məktəb və bu kimi layihələr isə təhsilə yalnız forma və məzmun baxımından rəng və naxış verir. Əgər platforma düzgün tətbiq olunarsa, bu, şagirdlərdən məktəb rəhbərliyinə qədər hər kəsin işini effektivləşdirəcək. Amma tələsmək lazım deyil. Bizim daha öncə istifadə etdiyimiz bəzi virtual platformalar olub, lakin bunlar yalnız orta məktəb səviyyəsində tətbiq edilib”.
Ekspert deyib ki, bu layihə ali təhsil seqmentində nəzərdə tutulmayıb.
“Çünki orta və ali təhsil seqmentlərinə yanaşma fərqlidir. Orta təhsil şəxsiyyət yetişdirmək, ali təhsil isə ixtisas üzrə kadr hazırlamaq missiyasını daşıyır. Rəqəmsal məktəb platforması bu gün təxminən 1.6 milyon şagirdi əhatə edən böyük bir layihədir. Ondan gözləntilər böyükdür. Lakin bu platformaya təhsili kökündən dəyişəcək bir aqreqat kimi baxmaq düzgün olmaz”.
Sevinc İbrahimzadə / Metbuat.az