İspaniyanın baş naziri Pedro Sançes ABŞ Prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və fələstinliləri köçürmək planını əxlaqsızlıq adlandırıb.
Metbuat.az xəbər verir ki, Sançes İspaniyada səfərdə olan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə baş nazirin Madriddəki Monkloa iqamətgahında görüş keçirib. Pedro Sançes görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib ki, Trampın Qəzza ilə bağlı planı beynəlxalq hüquqa ziddir. Onun sözlərinə görə, Qəzza fələstinlilərə məxsusdur və gələcək Fələstin dövlətinin bir parçasıdır. Sançes vurğulayıb ki, fələstinliləri köçürmək üçün istənilən cəhd regional və qlobal miqyasda sabitliyi pozacaq. İspaniyanın baş naziri bəyan edib ki, ərəb ölkələrinin liderliyi Qəzzada fundamental olmalıdır.
Misir Prezidenti Sisi də Qəzzalıların məcburi köçürülməsinə qarşı olduqlarını bildirib.