"Google" axtarış motoru istifadəçilərə yüklədikləri fayllar üzərində süni intellekt dəstəyi ilə sorğu aparmaq imkanı yaradan funksiya üzərində işləyir.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, axtarış çubuğunun yanında yeni fayl yükləmə simvolu əlavə olunub. Yeni funksiyadan istifadə etdikdə yükləmə mexanizmi işə düşür və axtarış çubuğu “bu fayl haqqında hər hansı bir şey soruşun” ifadəsinə çevrilir. Xüsusiyyət hələ tam istifadəyə hazır olmasa da, süni intellekt dəstəyi ilə dəqiq nəticələr əldə etməyi hədəfləyir.
Yeni funksiyanın "Gemini" platforması tərəfindən dəstəkləndiyi bildirilir. Şirkət daha əvvəl süni intellekt funksiyası ilə istifadəçilərə qısa sorğulara cavab vermə imkanı yaratmışdı.
"Google"un "Workspace" tətbiqlərində də süni intellekt imkanlarını genişləndirmək səyləri diqqət çəkir. Fayllarda “yaratmağa kömək et” və “Gmail”də “yazmağa kömək et” funksiyaları bunun bariz nümunələridir.
Bununla belə, "Google"un süni intellekt xüsusiyyətləri hələ də müəyyən problemlərlə üzləşir. Süni intellekt botlarının yanlış və dəqiq olmayan məlumatlar təqdim etməsi şirkətin tənqidlərə məruz qalmasına səbəb olub. "Google" isə bu xüsusiyyətlərin müəyyən hallarda qeyri-dəqiq nəticələr verə biləcəyinə dair xəbərdarlıqlarını öncədən istifadəçiyə bildirir.
Qeyd edək ki, oxşar çətinliklər digər süni intellekt şirkətlərində də müşahidə olunur. Məsələn “OpenAI”nin “ChatGPT” platforması müəllif hüquqları pozuntuları səbəbindən məhkəməyə verilib.