Bakı.Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) və "Bank of New York Mellon" (BNY) ölkənin maliyyə sektorunda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.
AMB-nin məlumatına görə, Bankın sədri Taleh Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantılarında iştirakı çərçivəsində BNY-nin icraçı vitse-sədri Hani Kablavi ilə görüş keçirib.
“Görüşdə Azərbaycanın maliyyə sektorunun inkişaf dinamikası, habelə normativ-hüquqi bazanın və nəzarət sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən əsas təşəbbüslər müzakirə olunub.
Tərəflər, həmçinin əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar”, - deyə AMB-nin məlumatında bildirilir.
Qeyd edək ki, "The Bank of New York Mellon Corporation" (BNY) aktivlərin saxlanılması və onlara xidmət göstərilməsi, investisiyaların idarə edilməsi və ödənişlərin həyata keçirilməsi sahələrində maliyyə xidmətləri göstərən beynəlxalq şirkətdir. 1784-cü ildə təsis edilən və baş ofisi Nyu-Yorkda yerləşən şirkət dünyada aktivlərin saxlanılması və inzibatçılığı üzrə ən böyük xidmət təminatçılarından biridir.
BNY-nin məlumatına görə, 2026-cı il iyunun 30-na şirkətin saxlanılmasında və inzibatçılığında olan aktivlərin həcmi 62,6 trilyon dollar, idarə etdiyi aktivlərin həcmi isə 2,2 trilyon dollar təşkil edib. Şirkət 100-dən çox bazarda fəaliyyət göstərir və “Fortune 100” siyahısına daxil olan şirkətlərin 90 faizindən çoxuna xidmət göstərir.