"Maliyyə Nazirliyi 2025-ci ilin büdcə göstəricilərini elan edib. Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri ilə yanaşı, eyni zamanda bir sıra istiqamətlərə ayrılacaq vəsaitlərin həcmi də nazirlik tərəfindən təqdim olunub".
Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, növbəti ildə sosial istiqamətə ayrılan vəsaitlərin həcmində 14 faiz artım olacağı proqnozlaşdırılır:
"Belə ki, əgər cari il bu istiqamətdə 4 milyard 391 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdusa, növbəti il bu rəqəm 4 milyard 998 milyon manatadək artırılacaq.
Hələlik nazirlik tərəfindən bu istiqamətin strukturu elan olunmadığı üçün hansı istiqamətlərə daha çox vəsaitin ayrılacağı, vəsaitin necə bölüşdürüləcəyini demək mümkün deyil. Amma büdcə layihəsi elan olunduqdan sonra bu istiqamətdə konkret məlumatları bölüşmək mümkün olacaq.
Eyni zamanda, dövlət büdcəsinin bu istiqaməti ilə yanaşı, həm də Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən də sosial istiqamətdə vəsaitlərin ayrılması həyata keçirilib. DSMF-nin bu istiqamətdə xərcləri çox önəmlidir. Çünki vəsaitlərin əhəmiyyətli hissəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən paylaşdırılıb. Ona görə də büdcədən ayırmalarla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan vəsaitlər, o cümlədən əmək haqqı, pensiya, müavinətlərlə bağlı ayrılacaq vəsaitlərin məbləği çox önəmlidir. Bu istiqamətdə də göstəricilər elan olunduqdan sonra konkret olaraq maaş, əmək haqqı və pensiyalarda nə qədər artımın olacağını proqnozlaşdırmaq mümkün olacaq".
İqtisadçı alim əlavə etdi ki, 2025-ci il üçün sosial təminat və sosial müdafiə xərclərində artımların olacağı proqnozlaşdırılır:
"Bu, Maliyyə Nazirliyi tərəfindən elan olundu və növbəti dövrlərdə büdcə layihəsi tam təqdim olunduqdan sonra konkret istiqamətlər bəlli olacaq və konkret istiqamətlər üzrə artım faizlərinin qiymətləndirilməsi mümkün olacaq. Ona görə də, bu istiqamətdə də məhz artım faizlərinin müəyyənləşdirilməsi və konkret hansı istiqamətdə daha çox vəsaitin və hansı məbləğdə vəsaitin ayrılmasının mümkünlüyü yaxın günlərdə aydın olacaq".