Sinan Səid Kərkük türkmənlərindən idi, 1959-cu ildə İraq dövləti tərəfindən rəsmi radio aparıcısı kimi Bakıya - Azərbaycan Radiosunun Ərəb bölməsinə göndərilmişdi. Bir müddət sonra o, Bakıda özünü vətəndəki kimi hiss edirdi. Sinan Səid 11 il Azərbaycan Radiosunun Ərəb bölməsində işlədikdən sonra İraqa qayıdıb. Kərküklü Sinan Səidin yaxın dostu və sirdaşı Nahid Hacızadə xatirələrində “Evlərinin önü yonca” xalq mahnısının necə yarandığını belə nəql edir:
"Azərbaycan Radiosunun Ərəb bölməsində işləyəndə Sinan Səidə Bakıda ikiotaqlı mənzil verdilər. Və o, "İnturist"dən öz evinə köçdü. Sinan "Volqa" maşını almağana da çox sevinirdi.
Baş redaktorumuz həmişə deyirdi: "Sinan Səidi tək buraxma. Qəribdir, darıxmasın. Hər axşam evinə get. İstəsən, onunla da qala bilərsən. Subay adamsan, heç biriniz sıxılmazsınız.
Sinan Səid axşamlar çay dəmləyirdi. Bu müddət ərzində o, dodaq altında şirin, bir az da həzin xalq mahnılarını zümzümə edirdi. Onun pıçıltı ilə oxuduğu mahnıdan bir hissə yadımdadır:
Evlərinin önü yonca Yonca qalxmış dam boyunca Boyu uzun beli incə
Ninnə yavrum ninnə Əsmər yavrum ninnə Ninnə ninnə.
O mahnını bitirməzdən əvvəl yalvardım:
- Sinan, qadan alım, bir də oxu!
Bir dəfə də dedim:
- Sinan, gəl bu xalq mahnısını lentə yaz, qoy hamı dinləsin. Biz ölüb gedəcəyik, qoy xalq mahnısı yadigar qalsın, yaşasın.
Sinan dedi:
- Bəy, nə danışırsınız? Mən aparıcıyam, mənə gülərlər. Sən bir görsən, duysan, Bağdadda, Kərkükdə bu türkünü necə oxuyurlar? Onlardan sonra mənim oxumağım gülünc görünər.
- Görünməz, əfəndim, görünməz. Özün də görürsən ki, sənin səsin hər kəsin qəlbini titrədir.
Sinan Səid gülümsədi: - Bəy, bəlkə belə edək. Sən mənə qadın müğənni tap, onunal duet oxuyum. O zaman bu türkü tamam başqa cür səslənər.
Mən xeyli qadın müğənni adı çəkdim: Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Flora Kərimova... Daha kimlər, kimlər...
Sinan Səid də bu müğənniləri tanıyırdı. Lakin onların heç biri ürəyincə olmadı.
Bir gün hardansa gəlirdik. Radioda konsert gedirdi, solist də Nərminə Məmmədova. Sinan Səid qolumdan tutdu:
- Tapdım, tapdım! Bu xanım “Evlərinin önü yonca” türküsünü oxuya bilər.
Nermine xanımı Sinan Səidə təqdim etdim. Çox sevinsə də, Nərminə xanım bu xalq mahnısını oxumaq istəmədi, “Mən bu ləhcədə belə şirin oxuya bilmərəm” dedi.
Amma sonra nədənsə qəbul etdi. Və işbirliyi başladı. Kərküklü Sinan Səid də, Nərminə xanım da bu mahnıya ürəkdən bağlandılar. Bir türkünü ancaq ürəkdən belə gözəl oxumaq olardı. Nəticədə onlar bir neçə mahnını birgə ifa edib, lentə yazdırdılar.
Sinan Səid dedi:
- Gəlin, bu mahnıları Kərkük türküləri adı ilə təqdim edək. Qoy, "Kərkük türküləri" adı altında yaşasın.
O vaxtdan bu mahnılar yaşayır, sevilir, ürəkləri titrədir. Nərminə Məmmədova və Sinan Səid bu mahnılari oxuyanda, hami qulaq asir.
Onların birlikdə oxuduqları "Evlərinin önü yonca", "Hər gün axşam olu dallam", "Qızıl üzük, yaşıl qaş” və digər xalq mahnıları "Kərkük türküləri" adı altında lentə yazılıb.
Sinan Səid 12 iyun 1991-ci ildə, Nərminə Məmmədova isə 7 ildən sonra, 27 mart 1997-ci ildə vəfat edib. Amma onların ifa etdikləri türkülər bütün türkdilli xalqlar tərəfindən sevə-sevə dinlənir və bu unudulmaz əsərlər dildən-dilə yayılır.
Sinan Səid kimdir?
Sinan Səid 1934-cü ildə İraqın Kərkük şəhərində anadan olub, ibtidai və orta məktəbi Kərkükdə bitirib. Daha sonra Müəllimlər İnstitutuna daxil olub və 1952-ci ildə rəsm müəllimliyi ixtisasını bitirib. Elə həmin il Kərkükdə yerləşən “Tahirə” ibtidai məktəbində müəllim işləməyə başlayıb. Daha sonra “Qərbiyyə” orta məktəbinə təyinat alıb və 1959-cu ilə kimi vəzifəsini orada davam etdirib. 1959-cu ilin fevralında Bağdad radiosunun türkmən bölməsi açıldıqdan sonra radioda diktor kimi fəaliyyətə başlayıb. 1959-cu ildə Azərbaycan Radiosunun Ərəb bölməsində işə başlayıb.
Sinan Səid hələ 1963-cü ildə Bakıda işlədiyi vaxtlarda oxuduğu Jurnalistika fakültəsinin tələbəsi ikən, özü kimi rəssam olan azərbaycanlı xanım Raidə Bağırqızı ilə ailə həyatı qurub. Onların bu evliliyindən 1964-cü ildə anadan olmuş Ümid adlı oğlu və 22 oktyabr 1966-cı ildə doğulmuş Emel adlı qızı dünyaya gəlib. Uşaqların hər ikisi Bakıdan anadan olub.
Sinan Səidin azərbaycanlı müğənni Nərminə Məmmədova ilə duet şəklində ifa etdiyi xalq mahnıları indi də Azərbaycan Radiosunun “Qızıl Fondu”nun arxivində saxlanılır.
"Evlərinin önü yonca" türküsünün sözləri:
Evlərinin önü yonca, Yonca qalxmış dam boyunca, dam boyunca, Boyu uzun, beli incə, ninnə yarım, ninnə, Əsmər yarım, ninnə, Ninnə, ninnə. Boyu uzun, beli incə Ninnə yarım, ninnə Əsmər yarım ninnə Ninnə, ninə.
Evlərinin önü lalə, Saqi doldur ver piyalə, ver piyalə, Yoldaş olaq, düşək yola, ninnə yarım, ninnə, Əsmər yarım, ninnə, Ninnə, ninnə.
Yoldaş olaq, düşək yola, Ninnə yarım, ninnə, Əsmər yarım, ninnə, Ninnə, ninnə. Evlərinin önü darçın, Fələk qoymur gözüm açım, vallah açım, Səni alım, hara qaçım? Ninnə yarim, ninnə, Əsmər yarım, ninnə, Ninnə, ninnə… Səni alım, hara qaçım? Ninnə yarim, ninnə, Əsmər yarım, ninnə, Ninnə, ninnə…
Dr. Kürşat Çavuşoğlu, İraq Türkmən Jurnalistlər Cəmiyyətinin xarici əlaqələr məsulu