“Son dövrlər manatın dollar qarşısında ciddi dərəcədə ucuzlaşacağı və ilin sonuna doğru devalivasiya olacağı barədə fikirlər səsləndirilir. Qeyd edim ki, hazırda devalvasiya ilə bağlı fundamental səbəblər, əsaslar mövcud deyil. Belə ki, xarici ticarətdəki müsbət saldo azalsa belə, ixrac idxalı xeyli üstələyir. Qızıl valyuta aktivləri, ehtiyatlar kifayət qədər böyük həcmdədir. Əgər effektiv pul-kredit, məzənnə siyasəti aparılarsa, transsərhəd, kapital hərəkatına effektiv nəzarət mexanizmləri tətbiq olunarsa, ən azı yaxın müddətli perespektivdə devalvasiya ilə bağlı hər hansı bir təhlükə yoxdur”.
Metbuat.az xəbər verir ki, bu fikirləri Bakupost.az-a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov bildirib.
Onun sözlərinə görə, üzən məzənnəyə keçid xüsusilə milli iqtisadiyyatımızın strukturunu, xsrici ticarətin keyfiyyət göstəricilərini nəzərə aldıqda məqbul hesab oluna bilməz:
"Ölkəyə ixracdan valyuta daxil olmalarının 90-95 faizi dövlət tərəfindən həyata keçirilən xarici ticarət hesabına olur. Belə olan halda dövlətin bazarın öhdəliyinə məzənnə siyasətinin buraxması kəskin qeyri sabitliklərə şərait yarada bilər. Bu da iqtisadiyyatın dayanıqlı inkişafına çox ciddi zərbələr vura və investisiya mühitini alt-üst edə bilər. Ona görə də hesab edirəm ki, üzən məzənnəyə keçid qeyri məqbuldur. Dövlət sabit şəkildə məzənnə siyasətini qorumalıdır. Məzənnə sabit olmalıdır. İnvestorlar bilməlidir ki, məzənnə ilə bağlı gözləntilər nədən ibarətdir. İnvestisiyaların artımı vasitəsilə biz iqtisadiyyatın qabaqlayıcı və dayanıqlı inkişaf xəttini təmin etməliyik”.