Azərbaycanda elektron resept sistemi yaradılıb və bir müddətdir ki, vətəndaşların istifadəsinə verilib. Elektron resept kağız reseptin rəqəmsal formasıdır. Elektron reseptin yaradılmasında əsas məqsəd kağız dövriyyəsinin aradan qaldırılması və həkimlərin vətəndaşlara daha operativ şəkildə xidmət göstərməsidir. Eyni zamanda, vətəndaşların tibbi məlumatlara əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini təmin etmək və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulub. Elektron resept reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldırmağa, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verir.
Vətəndaşlar “Reseptim” mobil əlavəsini yükləyərək onlara yazılan reseptləri görə bilərlər.
Amma həkimlər və pasiyentlər hələ ki bu sistemdən geniş istifadə etmirlər.
Səhiyyə Nazirliyi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən Modern.az-a bildirilib ki, cari ilin yanvar ayından etibarən ölkə üzrə tibb müəssisələrində Elektron Resept Sisteminin tətbiqinə başlanıb və proses mərhələli şəkildə davam edir:
“Elektron Resept Sisteminin istifadəsi çox asandır, sistemdən istifadə zamanı kağız blanklarda yazılan reseptlərdən daha az vaxt sərf olunur. Elektron resept sistemi Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən tətbiq edilib. Hər bir vətəndaş müalicəni təyin edən həkimdən elektron resept yazılmasını tələb etmək hüququna malikdir. Müalicəni təyin edən həkimlər isə Elektron Resept Sistemini tətbiq etməyə təşəbbüs göstərməli və resepti pasiyentə elektron versiyada təqdim etməlidir. Həkimlər resepti elektron versiyada yazmaqdan, apteklər isə dərman vasitələrini elektron resept əsasında təmin etməkdən imtina etdikləri təqdirdə, vətəndaşlar Səhiyyənin İnformasiyalaşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qaynar xətt” nömrələri ilə (+994 12 431 38 28; +994 55 531 38 28 (“WhatsApp”)) əlaqə saxlaya bilərlər”.
Səhiyyə Nazirliyindən bildirilib ki, Elektron Resept Sistemindən istifadəni asanlaşdırmaq məqsədilə, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq tibb işçiləri üçün təlim və vebinarlar təşkil edilir:
“Eyni zamanda elektron reseptin tətbiqi ilə bağlı tibb müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Səhiyyə Nazirliyinin tabeliyində olan bütün tibb müəssisələrində artıq reseptlər pasiyentlərə yalnız elektron şəkildə təqdim edilir. Digər tibb müəssisələri isə Elektron Resept Sistemindən istifadə ilə bağlı məlumatlandırılır və həmin müəssisələrə Elektron Resept Platformasından istifadə tövsiyə edilir”.
Tanınmış həkim Aydın Əliyev Modern.az-a deyib ki, bu məsələyə dair müvafiq qərar qəbul olunsa da, o, işlək vəzyyətdə deyil: “Qanunu işlək vəziyyətə gətirmək üçün addımlar atılmalıdır. Nə pasiyentlərin, nə də həkimlərin çoxu sistemdən istifadə edə bilir. Bu barədə həkimləri öyrətmək, onlayn və ya əyani olmaqla seminarlar keçirmək vacibdir. İşin təşkilində problemlər var. Bu səbəbdən qəbul edilən qanuna kimsə məhəl qoymur. Teveviziya və digər media vasitələrində maarifləndirmə işləri aparılmalıdır”. Gülarə Quliyeva