Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialı tərəfindən Oğuz rayonunda əmək yarmarkası təşkil olunub.
Metbuat.az xəbər verir ki, iş axtaran şəxslərin mövcud vakansiyalara əlçatanlığının təmin edilməsi, işəgötürənlərin qısa zamanda ixtisaslı kadrlara olan ehtiyaclarının ödənilməsi baxımından əmək yarmarkalarının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, ilin sonuna kimi digər ərazilərdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır. Daha sonra qonaqlar işəgötürənlərlə tanış olub, təqdim edilən vakansiyalarla maraqlanıblar.
Aktiv məşğulluq tədbirində işsiz və işaxtaran şəxslərə 14 işəgötürən tərəfindən müxtəlif fəaliyyət sahələri üzrə 90 vakansiya təqdim olunub.
Yarmarkada sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.