Müəllifi Leonardo da Vinçi olan dünyanın ən bahalı rəsm əsəri "Dünyanın xilaskarı" İsveçrənin gömrük anbarında saxlanılır.
Metbuat.az "BİLD" nəşrinə istinadən xəbər verir ki, Amerikalı professor və Yaxın Şərq üzrə ekspert Bernard Heykel Səudiyyə Ərəbistanının mədəniyyət nazirindən rəsm əsərinin Cenevrə gömrük anbarında saxlandığını öyrənib.
Məlumata görə, Səudiyyə vəliəhdi isə onun üçün Ər-Riyadda muzey tikmək istəyir. Amma hələ ki, gömrük, daha dəqiq desək, gömrük nəzarətində olan şəxsi anbarlar bunun üçün ən yaxşı yerdir, çünki orada ideal temperatur və rütubətdə saxlanılır, binaların özləri də etibarlı şəkildə mühafizə olunur. Cenevrədəki gömrük anbarında ümumilikdə bir milyondan çox sənət əsəri saxlanılır.
2017-ci ildə rekord qiymətə - 450 milyon dollara satılan "Dünyanın Xilaskarı"nın taleyi bir neçə il idi ki, məlum deyildi. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu tablonu aldığı deyilirdi, lakin o, bunu heç vaxt rəsmən təsdiqləməyib.