"2025-ci ilin yanvarından etibarən bütün növ əmək pensiyalarında artımlar gözlənilir".
Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı alim, Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib. Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsaslanaraq pensiyalardakı artımların indeksləşdirmə və yardımlar vasitəsilə həyata keçirilir.
O, bildirib ki, əmək pensiyaları hər il yanvar ayında əvvəlki ilin orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq indeksləşdirilir. Cari ildəki orta aylıq əmək haqqı artımına əsaslanaraq 2025-ci ilin yanvarından etibarən bütün növ əmək pensiyalarında artımlar gözlənilir. Bu ilin ilk yarısında nominal orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.8 faiz artıb. 2024-cü ilin yekun illik göstəriciləri isə gələn ilin əvvəlində elan olunacaq. Həmçinin, bu ilin ikinci yarısında maaşlarda baş verəcək dəyişikliklər də orta illik əmək haqqına təsir göstərə bilər.
Bayramov vurğulayıb ki, ilin sonuna doğru daha konkret rəqəmlər məlum olacaq və pensiya kapitalındakı artım faizi dəqiqləşəcək. Əmək pensiyaları orta aylıq əmək haqqı artımına, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun artırılacaq. Bu da gələcəkdə pensiya alacaq vətəndaşların pensiya kapitalının artmasına və daha yüksək pensiya əldə etmələrinə imkan verəcək.
Zaur Əliyev / Metbuat.az