Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kurks bölgəsindəki əməliyyatlardan danışıb.
Modern.az xəbər verir ki, o, gecə videomüraciəti zamanı Ukrayna ordusunun Kurskda "yaxşı irəlilədiyini" deyib.
"Biz strateji məqsədimizə nail oluruq. Dövlətimiz üçün mübadilə fondu da xeyli artırılıb”, - o deyib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski isə bildirib ki, ötən günün əvvəlindən Ukrayna hərbçiləri Kursk vilayətinin ayrı-ayrı istiqamətlərində bir və ya iki kilometr irəliləyib. “Sudja kəndində düşmənin axtarışı və məhv edilməsi başa çatıb”, - o deyir.
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin beş yaşayış məntəqəsində Rusiya ərazisinə keçmək cəhdlərinin qarşısının alındığını bəyan edib.
Ukrayna bufer zona yaradır?
Qərb və Ukrayna mətbuatında Kursk vilayətində keçirilən əməliyyat barədə bir sıra iddialar yayılıb. Belə ki, mənbələr Ukraynanın Rusiya ilə sərhəddə bufer zonalar yaratmağı planlaşdırdığını bildirir. Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib ki, “bufer zona” yaradılması “sərhəd icmalarını Rusiyanın gündəlik hücumlarından qorumaq üçün nəzərdə tutulub”.
Daha bir kəndin əhalisi təxliyə edilir
Kursk vilayətinin hakimiyyəti Qluşkovo kəndinin sakinlərini məcburi təxliyə etmək qərarına gəlib. Bu barədə qubernator səlahiyyətlərini icra edən Aleksey Smirnov bildirib. “Region əməliyyat qərargahı Qluşkovo kəndinin məcburi boşaldılması barədə qərar qəbul edib. Yerli sakinlərin tərk edilməsi prosesi hüquq-mühafizə orqanları, hərbçilər, yerli administrasiya və Kursk Patriot Mərkəzi tərəfindən əlaqələndiriləcək. Hər kəsdən tövsiyələrə əməl etməyi xahiş edirəm”, - o, teleqramında yazıb.
Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib ki, hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində 8 mindən çox insan, o cümlədən 2,5 mindən çox uşaq var.
Rusiya xəndəklər qazır...
Amerika Müharibənin Tədqiqi İnstitutu avqustun 14-də hər iki tərəfdəki mənbələrə əsasən Kursk vilayətindəki vəziyyət barədə hesabat yayımlayıb. Təşkilat Ukrayna bölmələrinin Kursk bölgəsində irəliləyişinin əhəmiyyətli dərəcədə yavaşladığını bildirir.
Hesabatda qeyd olunur ki, ruslar Ukrayna bölmələrinin mövcudluğunun vizual olaraq göründüyü yerdən təxminən 17 km şimalda yerləşən Rılsk-Lqov-Kurçatov-Kursk yolu boyunca xəndəklər qazır və müdafiə xətti qururlar. "Bu, açıq şəkildə göstərir ki, ruslar ukraynalıların daha da irəliləyişini gözləyirlər", - qeyd olunur.