Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində yayılan meymunçiçəyi virusuna görə qlobal ictimai sağlamlıq üzrə fövqəladə vəziyyət elan edib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu xəstəliyə meymunçiçəyi virusu səbəb olur. Virus çiçək xəstəliyi ilə eyni qrupdadır, lakin o qədər də təhlükəli deyil.
Virus əvvəlcə yalnız heyvanlardan insanlara keçsə də, indi insandan insana da keçə bilər. Konqo Demokratik Respublikası kimi ölkələrin tropik meşələrindəki ucqar kəndlərdə daha çox rast gəlinir. Bu bölgələrdə hər il minlərlə yoluxma və yüzlərlə ölüm baş verir. Virusdan ən çox 15 yaşdan kiçik uşaqlar təsirlənir.
Hazırda virusun iki fərqli ştamı var. "Clade 1" Mərkəzi Afrikaya endemik bir növdür. "Clade 1b" cari epidemiyada müşahidə olunan yeni və daha ağır virus növüdür. 2024-cü ilin əvvəlindən iyulun sonuna qədər Afrikada 14,500-dən çox yoluxma və 450-dən çox ölümün olduğu açıqlanıb.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə infeksiyaların 160%, ölümlərin isə 19% artması deməkdir. Meymun çiçəyi hallarının 96%-i Konqo Demokratik Respublikasında baş versə də, xəstəlik normal olaraq endemik olmayan bir çox qonşu ölkələrə, o cümlədən Burundi, Keniya, Ruanda və Uqandaya da yayılıb.
Qərbi Afrikada görülən "Clade II" adlı daha "yumşaq" bir növü 2022-ci ildə qlobal epidemiyaya səbəb olub. Virus təxminən 100 ölkəyə, o cümlədən Türkiyəyə, Avropa və Asiya bölgələrinə yayılıb. Bu müddət ərzində həssas qrupların peyvənd edilməsi ilə epidemiya nəzarət altına alınıb.
Konqo Demokratik Respublikasında peyvənd və müalicə üsullarına kifayət qədər çıxış yoxdur və səhiyyə rəsmiləri xəstəliyin yayılmasından narahatdırlar.
Bu xəbər ilə bağlı Meymunçiçəyi yayılır: ÜST fövqəladə vəziyyət elan edib... Xəbəri oxu