Norveç Müdafiə Qüvvələri Arktikada təlim keçmiş dağ qoşunlarını Laplandiyaya yerləşdirməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “İltalehti” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, yenidən yerləşdirməyə hazırlıq Finlandiya Prezidenti Alexander Stubb tərəfindən təsdiqlənib.
“Bölmələr hazırda Tromsoda yerləşir, lakin bu, Rusiya ilə sərhəddən çox uzaqdır. Buna görə də Norveç hərbçilərini Finlandiyanın Laplandiyasına, yəni mümkün təhlükəyə daha yaxın yerə köçürməyi nəzərdə tutur”, – nəşr mənbələrdən birinə istinadla yazır.
Yerləşdirmə ilə bağlı müzakirələrin oktyabrda Stubbun Norveçə səfəri zamanı aparılacağı gözlənilir.
Avqustun 7-də İsveç Parlamentinin Müdafiə Komitəsinin sədri Peter Hultqvist İsveç Müdafiə Qüvvələri və hökumətinin NATO əməkdaşlığı çərçivəsində Finlandiyada qoşun yerləşdirməyə hazırlaşdıqlarını açıqlayıb.