"Apple" şirkəti "Safari" brauzeri üçün yeni funksiyanı təqdim edib.
Metbuat.az xarici mediaya istinadən bildirir ki, iOS 18 Beta 5 yeniləməsində ortaya çıxan Distraction Control adlı xüsusiyyət iPhone istifadəçilərinə Safari proqramında oxuyarkən müəyyən elementləri aradan qaldırmağa imkan verəcək.
iOS 18 və iPadOS 18 Beta 5 versiyalarındakı yeni güncəllənmə ilə "Diqqət Nəzarəti" funksiyası "Safari"yə gəlib. İstifadəçilər "Ağıllı Axtarış" bölməsindəki "Səhifə" menyusundan "Diqqətin Dağılmasına Nəzarət" alətinə daxil ola biləcəklər. Daha sonra hər hansı saytdan silmək istədikləri elementi seçirlər. "Safari" növbəti dəfə həmin sayta daxil olanda, elementləri silməyi xatırlayacaq.
“Distraction Control” adlı funksiya "Safari" proqramından tez-tez istifadə edənlər üçün çox funksional olacaq.
Sosial medianın bütün dünyada məşhur olduğu və məzmunun sürətlə istehlak edildiyi günümüzdə diqqətin yayınması bir çox insanın həyatına mənfi təsir göstərir. "Apple" insanların diqqətinin yayınmasının qarşısını almaq və oxuyarkən diqqətlərini cəmləşdirməyə kömək etmək üçün bu funksiyanı təqdim edib.
Silinmiş elementlər iPhone istifadəçisi tərəfindən bir-bir seçiləcək və cihazlar arasında sinxronizasiya olunmayacaq.