Bakı. Trend:
Xaçmaz rayonunda Vətən müharibəsi şəhidi Davud Hacıyevin vəfatının altıncı ildönümü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı tarixi Qələbənin xalqımızın qürur mənbəyinə çevrildiyini vurğulayıb. Dövlətimizin başçısının şəhid ailələrinə və qazilərə göstərdiyi yüksək diqqət və qayğının hər bir vətəndaş üçün nümunə olduğunu qeyd edib. Vətən uğrunda canından keçən igidlərimizin əziz xatirəsinin daim uca tutulacağını və onların ailələrinin sosial məsələlərinin həllinin daim diqqət mərkəzində qalacağını bildirib.
Tədbirdə çıxış edən digər natiqlər şəhidlərimizin göstərdiyi misilsiz şücaətin torpaqlarımızın azadlığı uğrunda mübarizənin parlaq təzahürü olduğunu diqqətə çatdırıblar. Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq salnaməsinin gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını xüsusi qeyd ediblər.
Şəhid anası Validə Hacıyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.












